Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazansa da, qrupu lider kimi bitirmək istəyir.
"Report"un Bratislavaya ezam olunan əməkdaşının məlumatına görə, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis İtaliya seçməsinə 3:0 hesabı ilə qalib gəldikləri F qrupunun ikinci matçı ilə bağlı fikirlərini bölüşüb:
"Gözəl oyun alındı. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna daha yaxşı oluruq. Belə davam etmək niyyətindəyik. Rəqib yaxşı kollektivdir. Lakin sürəti artıran kimi üstünlüyümüzü artıra bildik".
O, III turdakı qarşılaşmaya da toxunub:
"Fransa yaxşı yığmadır. Daha əvvəl onlara qarşı oynamışıq. İnanıram ki, həmin qarşılaşmada da özümüzü göstərə biləcəyik. Qrup lideri olmaq niyyətindəyik. Növbəti mərhələyə vəsiqə qazanmışıq, amma qrupu daha yaxşı nəticə ilə bitirə bilərik".
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.
Mənbə: report.az