Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, qitə birinciliyində millinin 4 üzvü fəxri kürsüyə qalxıb.
60 kq
A qrupunda Elcan Həsənov həmyerlimiz Əlirza Heybətliyə (2:1), serbiyalı Nikola Petroviçə (3:0) və yunanıstanlı İoannis Kesidisə (4:1), 1/4 finalda moldovalı Viktor Vdoviyə (3:0), yarımfinalda ukraynalı Denis Vitkoya (3:0) və finalda daha bir ukraynalı Kiril Naqirniyə (4:0) qalib gələrək Avropa çempionu olub.
Əlirza Heybətli komanda yoldaşına uduzduqdan sonra yunanıstanlı İoannis Kesidislə (4:1) serbiyalı Nikola Petroviçi (3:0) üstələsə də, 1/4 finalda gürcüstanlı Tariel Saataşviliyə (1:3) uduzub.
70 kq
Rəşad Əliyev A qrupunda serbiyalı Andrey Rayaçiçə (5:0), moldovalı Pavel Mavrodinə (3:1), rumıniyalı İştvan Naqiyə (3:0), 1/4 finalda ukraynalı Nazar Mudrinə (3:0), yarımfinalda isə digər ukraynalı Mikita Kuzmenkona (3:1) qalib gəlib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlı İoane Sxiladzeyə 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
80 kq
Elvin Hacıquliyev B qrupunda moldovalı güləşçilərə – Laurentsiu Drobotayla (3:0), Maksim Deleuyeyə (3:0), həmçinin gürcüstanlı Saba Zoidzeyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Vladislav Martsevi (4:0) üstələyib.
Ruslan Vəliyev C qrupunda gürcüstanlı Luka Maysuradzeyə (3:0), xorvatiyalı Emanuel Qrqiçə (3:0), ukraynalı Dmitro Holovenkoya (4:0) qalib gələrək finala vəsiqə qazanıb.
Həlledici görüşdə Ruslan komanda yoldaşını 3:0 hesabıyla üstələyərək Avropa çempionu olub. Elvin isə gümüş medalı boynundan asıb.
90 kq
Tural Eynullayev B qrupunda gürcüstanlı Saba Papaşviliyə (3:2) ukraynalı Matviy Qriqorenkoya (3:0) qalib gəlib, ukraynalı Artyom Zalvovskiyə (0:3) məğlub olub.
Möhlət Qasımov C qrupunda yunanıstanlı güləşçiləri Dimitrios Dermendzislə (4:2) Andreas Kteniadakisdən (3:0) güclü olsa da, moldovalı Yevgeni Dohoterə (0:4) məğlub olub.
Yekunda 2 qızıl və 2 gümüş medal qazanan millimiz 80 xalla komanda hesabında Avropa çempionu olub. Gürcüstan da eyni miqdarda xal toplasa da, yığmamız medalların əyarına görə qonşu ölkəni qabaqlayıb. Ukrayna isə 64 xalla 3-cü yeri tutub.
Mənbə: report.az