IMG-LOGO

Şahin Babayev: "AZCON daha çevik maliyyələşmə və vahid idarəetmə modeli formalaşdırır" – MÜSAHİBƏ

27 May 2026 18:30 5 baxış
IMG

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və ölkənin nəqliyyat-logistika potensialının tam şəkildə reallaşdırılması dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Qlobal iqtisadi çağırışlar, beynəlxalq ticarət marşrutlarında artan rəqabət və rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda nəqliyyat, telekommunikasiya və kommunikasiya infrastrukturunun vahid idarəetmə modeli əsasında əlaqələndirilməsi xüsusi aktuallıq qazanıb.

Bu baxımdan nəqliyyat, rabitə və rəqəmsal infrastruktur sahələrində fəaliyyət göstərən dövlət qurumlarının vahid platforma altında birləşdirilməsi həm idarəetmədə çevikliyin artırılması, həm resurslardan daha effektiv istifadə olunması, həm də irihəcmli strateji layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaradıb. Eyni zamanda dövlət şirkətləri arasında institusional əməkdaşlığın gücləndirilməsi, maliyyə dayanıqlığının artırılması və vahid inkişaf strategiyasının formalaşdırılması ölkənin rəqəmsal və nəqliyyat ekosisteminin gələcək inkişafında əsas elementlərdən biri kimi qiymətləndirilir.

Məhz bu məqsədlərlə yaradılan AZCON Holding ötən dövr ərzində nəqliyyat, telekommunikasiya və yüksək texnologiyalar sahələri arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər həyata keçirib. Holdinq çərçivəsində müxtəlif dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və idarəetmə mexanizmlərinin optimallaşdırılması əsas prioritetlər sırasında yer alıb.

Eyni zamanda Azərbaycanın Orta Dəhlizdə artan rolu, regionda tranzit və logistika imkanlarının genişlənməsi, eləcə də rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən islahatlar "AZCON Holding"in fəaliyyətini daha da aktuallaşdıran amillərdən hesab olunur. Xüsusilə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və innovativ idarəetmə modellərinin tətbiqi ölkənin regional bağlantı imkanlarının gücləndirilməsinə xidmət edir.

"AZCON Holding"in icraçı direktoru Şahin Babayev "Report" İnformasiya Agentliyi və "ARB 24" televiziyasına geniş müsahibəsində Holdinqin fəaliyyət prinsipləri, keçən müddət ərzində nəqliyyat və rəqəmsal ekosistemdə əldə olunan statistik nəticələr, eləcə də qurumların gələcək prioritetləri barədə sualları cavablandırıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– "ARB 24": Şahin müəllim, ilk olaraq "AZCON Holding"in yaranma zərurətindən danışaq. Holdinq hansı şəraitdə, hansı zərurətdən yaradılıb və ötən dövr ərzində ölkənin nəqliyyat, kommunikasiya ekosistemində hansı rolu formalaşıb?

– Məlum olduğu kimi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi Prezident İlham Əliyevin 2024-cü il noyabrın 7-də imzaladığı Fərmana əsasən təsis edilib. Holdinqin qurulmasını zəruri edən bir sıra mühüm amillər mövcud idi. Onlardan xüsusilə üçünü qeyd etmək istərdim. Birinci amil dövlət büdcəsi üzərindəki maliyyə yükünün həddindən artıq yüksək olması ilə əlaqədardır. Dövlət büdcəsindən Holdinqin nəzarətindəki qurumlara həm subsidiya, həm də investisiya xarakterli müxtəlif ödənişlər edilirdi və əsas məsələ bu ödənişlərin effektivliyinin yüksəldilməsindən ibarət idi. Burada başlıca məqsəd həmin subsidiyanın daha nəticəli istifadə edilməsi, ayrılmış investisiya vəsaitlərinin geri qayıtması və gəlir baxımından öz həcmini daha səmərəli əks etdirməsindən ibarət idi.

Növbəti məsələ isə qurumların hədəflərinin ölkənin nəqliyyat və telekommunikasiya sahəsindəki strateji əhəmiyyətli prioritetlərinə uyğunlaşdırılmasından ibarət idi. Bu proses nəticəsində Holdinq daxilində artıq hər bir istiqamət üzrə vahid hədəflər müəyyən edilib və əsas amalımız bu qurumların ölkənin iqtisadi yüksəlişinə daha böyük töhfə verməsini təmin etməkdir. Bu, təbii bir prosesdir və qurumların əvvəllər müstəqil şəkildə öz fərdi hədəflərinə yönəlməsi anlaşılandır.

Üçüncü vacib amil isə həmin qurumların maliyyə mənbələrinə çıxış imkanları ilə bağlıdır. Maliyyə resurslarını həmin qurumlar fərdi qaydada müəyyən məhdudiyyətlər çərçivəsində cəlb edirdi və elə böyük investisiya layihələri mövcud idi ki, onların reallaşdırılması ayrı-ayrılıqda çətinləşirdi. Qeyd etdiyim kimi, müəyyən miqdarda vəsait dövlət büdcəsindən təmin olunurdusa da, bir sıra genişmiqyaslı layihələr var idi ki, artıq onlar borclanma yolu ilə icra edilməli idi. Bunun nəticəsində Holdinq tərkibində qurumlar daha çevik, daha münasib şərtlərlə böyükhəcmli layihələri daha rahat və effektiv maliyyələşdirmək imkanı qazanıb.

Bütün bunların yekunu olaraq cənab Prezidentin vurğuladığı kimi, AZCON Holding nəqliyyat, telekommunikasiya və rəqəmsal infrastrukturu vahid ekosistem halında mərkəzləşdirən bir qurumdur. Əsas məqsədimiz bu qurumların institusional inkişafını təmin etmək, onların əməliyyat effektivliyini və rəqabətqabiliyyətini artırmaqdır. İnstitusional inkişaf dedikdə, başlıca hədəflərdən biri son nəticədə onları özəlləşdirməyə hazır vəziyyətə gətirməkdən ibarətdir.

– "Report" İA: Holdinqin yanaşması nəyi dəyişib? Əsas fərq nədədir?

– Əvvəlki dövrdə hər bir qurum əsasən öz daxili hədəfləri və əməliyyat üstünlükləri istiqamətində fəaliyyət göstərirdisə, hazırda həmin hədəflər ölkənin ümumi inkişaf prioritetləri, nəqliyyat-kommunikasiya ekosisteminin tələbləri və uzunmüddətli strateji məqsədlərlə uyğunlaşdırılır. Cənab Prezidentin çıxışlarında da qeyd etdiyi kimi, məsələn, yükdaşımalar sahəsində – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün müəyyən bir yükün nəql edilməsi, dəmir yolu üçün isə başqa növ yükün daşınması daha əlverişlidir. Artıq vahid yanaşma prinsipinin tətbiqi ilə əsas məqsəd olaraq tranzit həcminin artırılması nəzərdə tutulur.

Bu prosesi daha sistemli şəkildə təşkil etmək məqsədilə hər bir qurum üçün müşahidə şuraları yaradılıb. Hər qurumda ilk dəfə olaraq əcnəbi və müstəqil üzvlər təyin edilərək şuraların tərkibinə daxil edilib. Hətta birinci rübün Müşahidə Şurası iclasları artıq keçirilib və həmin beynəlxalq ekspertlərin kifayət qədər töhfə verdikləri müşahidə olunur. Başqa sözlə, Holdinq modeli qurumlar arasında koordinasiyanı möhkəmləndirir, sinerji effekti yaradır və müəssisələrin fəaliyyətini vahid nəticəyə istiqamətləndirir.

– "ARB 24": Şahin müəllim, sinerji mövzusu da burada maraqlı məqamlardandır. Holdinq daxilində sinerji dedikdə konkret olaraq nə nəzərdə tutulur və bu, praktikada necə həyata keçirilir?

– Ötən dövr ərzində reallaşdırılan bir sıra sinerji layihələrini nümunə olaraq qeyd etmək yerinə düşər. Dövlət başçısının keçən ilin fevral ayında imzaladığı Fərmana əsasən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə birləşdirilməklə yenidən təşkil olunub. Bu inteqrasiya sayəsində yüklərin daşınması daha səmərəli və çevik formada təmin edilir.

Bundan əlavə, cari ilin may ayında Prezidentin Fərmanı əsasında "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili nəzərdə tutulub. Artıq "Bakı Metropoliteni" QSC, "BakuBus" MMC və "Bakı Taksi Xidməti" MMC vahid bir struktur çərçivəsində fəaliyyət göstərəcək. Bu sinerji sərnişin axınının bir mərkəzdən daha effektiv qaydada tənzimlənməsinə şərait yaradacaq. Sərnişin axınının hansı nöqtələrdə daha çox sıxlıq yaratması ən mühüm məsələlərdən biri idi. Bu proses pərakəndə formada olduqda hətta rəqəmsallaşma prosesi belə müəyyən çətinliklər törədir, belə ki, axını mərkəzləşmiş şəkildə effektiv izləmək mümkün olmur.

Bununla paralel olaraq, yükdaşıma sahəsində "Bakı Gəmiqayırma Zavodu" MMC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC arasındakı sinerjini xüsusi vurğulamaq lazımdır. Artıq onların birgə və sinerjik fəaliyyəti nəticəsində gəmi təmirləri və gəmi tikintisi daha planlı, daha sistemli şəkildə, müəyyən qrafikə uyğun olaraq icra edilir. Hazırkı şəraitdə gəmi təminatı tranzit həcminin artırılmasında əhəmiyyətli rol oynayır. Buna görə də mövcud gəmi parkının vaxtında təmir olunması son dərəcə vacib məsələdir. Eyni zamanda həmin zavodlar arasında təmir mexanizminin mərkəzləşdirilməsi istiqamətində də işlər aparılır.

Telekommunikasiya sahəsində isə "AzInTelecom" MMC, "Aztelekom" MMC və "Azərpoçt" MMC şirkətləri arasında vahid ekosistemin formalaşdırılması üzərində fəaliyyət davam edir. Bunun nəticəsi olaraq vətəndaşlara daha əlçatan və daha yüksəkkeyfiyyətli xidmət göstərilməsi planlaşdırılır.

Holdinqin tərkibində telekommunikasiya və nəqliyyat istiqamətləri ilə yanaşı, daxili proseslərin də sinerjik formada həyata keçirilməsi üzərində iş aparılır. İxtisaslaşmış mütəxəssislərin cəlb edilməsi kifayət qədər çətin prosesdir və bu səbəbdən bir neçə sahədə sinerji tətbiq olunur. Artıq Holdinqin daxilində kompetensiya mərkəzləri formalaşdırılıb. Bu, xüsusilə süni intellekt, informasiya texnologiyaları və rəqəmsallaşma sahələrini əhatə edir. Bundan başqa, satınalma proseslərinin və beynəlxalq tərəfdaşlarla əlaqələrin koordinasiyasında da sinerji mövcuddur. AZCON vahid Holdinq olaraq daha böyükmiqyaslı və strateji tərəfdaş qismində çıxış edir. Bu isə həm xərclərin optimallaşdırılmasına, həm də daha qabaqcıl texnoloji həllərə çıxış imkanlarının genişlənməsinə zəmin yaradır.

– "Report" İA: AZCON çərçivəsində formalaşan vahid nəqliyyat-logistika ekosisteminin effektivliyini hansı konkret layihələr və statistik nəticələr üzərindən qiymətləndirmək olar?

– Ümumiyyətlə, vahid nəqliyyat logistikası bir sıra komponentlərdən ibarətdir və hər birinin düzgün və səmərəli qaydada tənzimlənməsi zəruridir. Bu komponentlərə liman infrastrukturu, dəmir yolunun daxili infrastrukturu, gəmi təchizatı, vaqon parkı və digər elementlər aiddir. İlk növbədə liman infrastrukturu istiqamətində reallaşdırılan layihələri qeyd etmək yerinə düşər.

Məlum olduğu kimi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin "Azərbaycan Dəmir Yolları" QSC-yə birləşdirilməsindən sonra yük həcmlərinin daha səmərəli koordinasiyası mümkün olub. İlk dəfə olaraq limanın konteyner emal gücü rekord nəticə göstərib və keçən il 107 min TEU həcmində konteynerin aşırılması həyata keçirilib. Eyni zamanda ADY ilə ASCO arasında kommersiya proseslərinin mərkəzləşdirilməsinə nail olunub. Artıq vahid mərkəzdən tarif siyasətinin daha effektiv tənzimlənməsi vasitəsilə kommersiya proseslərinin səmərəli idarə edilməsi təmin edilib.

Digər əhəmiyyətli istiqamət gəmi təchizatı məsələsidir. Hazırda Gəmiqayırma Zavodunun bünyəsində cəmi 17 gəminin inşası ilə bağlı müqavilə bağlanıb. Həmin gəmilərdən 11-i tikinti mərhələsindədir, 6-sı isə layihələndirmə fazasındadır.

Bununla paralel olaraq, ötən il Əbu-Dabi Limanlar Qrupu ilə Xəzər dənizində istifadə olunacaq hər biri 780 TEU tutumlu 2 konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb. Bu, Gəmiqayırma Zavodunun tarixində ilk beynəlxalq sifariş kimi qeydə alınıb. Həmçinin cari ildə Qazaxıstanın "Samruk-Kazına" qrupuna daxil olan "KTZ Express Shipping" şirkəti ilə əməkdaşlıq çərçivəsində 2 quru yük gəmisinin tikintisi barədə yeni müqavilə bağlanıb. Beləliklə, beynəlxalq sifarişlər əsasında inşa edilən gəmilərin ümumi sayı 4-ə çatıb.

– "ARB 24": Beynəlxalq maliyyə institutları, xarici investorlar və strateji tərəfdaşlarla əməkdaşlıq AZCON üçün hansı əhəmiyyət daşıyır?

– Miqyaslı layihələrin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumları, strateji tərəfdaşlar və xarici investorlarla birgə fəaliyyət zəruri hesab olunur. Bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində inşa ediləcək 10 metro stansiyası, eləcə də Azərbaycan Dəmir Yollarının infrastruktur potensialının artırılması istiqamətində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Dünya Bankı ilə sıx əməkdaşlıq prosesi artıq start götürüb.

AİİB ilə "Bakı metrosunun genişləndirilməsi layihəsi – I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb. Bundan əlavə, investisiyaların təmin edilməsi sahəsində beynəlxalq məsləhətçi şirkət cəlb olunub və investisiya mühitinin cazibədarlığının yüksəldilməsi naminə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb.

Bütün bu tədbirlərin səmərəli icrası məqsədilə keçən il və cari il ərzində bir sıra ölkələrə səfərlər təşkil edilib, həmin ölkələrin iri holdinqləri ilə tanışlıq görüşləri keçirilib. Xüsusilə 2025-ci ildə Sinqapurun "Temasek Holdings" şirkəti, Malayziyanın "Khazanah Nasional" Holdinqi və Çinin "SASAC" şirkətlər qrupu ilə görüşlər baş tutub. Əsas hədəf investisiya layihələrinə investorların cəlb edilməsidir. Bilik paylaşımı, kadr resurslarının tənzimlənməsi, mütəxəssislərlə qarşılıqlı təlimlərin həyata keçirilməsi istiqamətində də ardıcıl görüşlər davam etdirilir. Bu proses artıq təkcə görüşlər formatında deyil, həmin holdinqlərlə qarşılıqlı əməkdaşlıq mexanizmi şəklində icra olunur.

– "Report" İA: Telekommunikasiya sektorunda əldə olunan son nəticələr Azərbaycanın rəqəmsal transformasiya strategiyasına və vahid ekosistem yanaşmasına hansı formada töhfə verir? Bu prosesdə dayanıqlı rabitə infrastrukturunun rolu nədir?

– Bu gün rəqəmsal transformasiya artıq seçim yox, qaçılmaz zərurətdir. Bu transformasiyanın müvəffəqiyyəti isə birbaşa dayanıqlı və yüksəksürətli rabitə infrastrukturunun mövcudluğundan asılıdır. Keçən il "Onlayn Azərbaycan" layihəsi müvəffəqiyyətlə başa çatdırılıb. Layihənin nəticələrinə görə, genişzolaqlı internetin ölkə ərazisini əhatə səviyyəsi 100 %-ə yüksəldilib, yüksəksürətli internetdən istifadə imkanı əldə etmiş təsərrüfatların sayı 3 milyona çatıb. Praktiki olaraq rəqəmsal bərabərsizlik minimum həddə endirilib və sürətli internet hətta ən uzaq yaşayış məntəqələrində belə əlçatan hala gətirilib.

İnfrastrukturun genişləndirilməsi xidmət keyfiyyətinə də müstəqil təsir göstərib. Belə ki, "Ookla" reytinqinə əsasən, hazırda sabit internet sürəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 156,9 Mbit/saniyə səviyyəsinə çatıb.

Paralel olaraq, diqqəti cəlb edən əhəmiyyətli istiqamətlərdən biri Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") fəaliyyət dairəsinin genişləndirilməsidir. Hazırda qurum həm telekommunikasiya peyk xidmətləri, həm də müşahidə peykləri sahəsində öz fəaliyyətini artırır. Yerin müşahidə peyklərindən olan "Azersky-2A" peyki ilə əlaqədar layihə davam etdirilir və bu istiqamətdə işlərin 2029-cu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Eyni zamanda "Azerspace-1" telekommunikasiya peykinin istifadə müddətinin başa çatmasını nəzərə alaraq, "Azerspace-3" peykinin 2029-cu ilin sonunadək istismara buraxılması nəzərdə tutulur. Beləliklə, "Azərkosmos" həm Yerin müşahidə peyki, həm də telekommunikasiya peyki xidmətləri sahəsində fəaliyyət istiqamətlərini daha da genişləndirmiş olacaq.

– "ARB 24": Data mərkəzləri, "bulud" texnologiyaları və süni intellekt infrastrukturu istiqamətində hazırda hansı işlər həyata keçirilir? Bununla paralel kibertəhlükəsizlik məsələsinə də diqqət çəkmək istəyirəm. Kibertəhlükəsizlik istiqamətində hansı yeni yanaşmalar tətbiq olunur?

– "Bulud" texnologiyaları, süni intellekt infrastrukturu və dayanıqlı rabitə şəbəkələri artıq rəqəmsal dövlətin və iqtisadiyyatın fundamental dayaq nöqtələrinə çevrilib. İlk olaraq "bulud" xidmətləri istiqamətində reallaşdırılan layihələrə diqqət yetirmək lazımdır. "Bulud" xidmətlərindən yararlanmaq məqsədilə "AzInTelecom"un fəaliyyətdə olan data mərkəzinə indiyədək 287 qurum inteqrasiya olunub. Bu qurumlardan 147-si dövlət strukturlarına, 140-ı isə özəl sektora məxsusdur. Bununla yanaşı, mövcud tutumun artırılması istiqamətində "Hökumət buludu" layihəsi çərçivəsində yeni əsas və ehtiyat data mərkəzlərini əhatə edən ikimodullu data mərkəzinin tikintisi hələ də davam etdirilir. Bu yanaşma həm göstərilən xidmətlərin fasiləsizliyini, həm də kibertəhlükəsizlik müdafiəsini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.

Digər vacib istiqamət data texnologiyalarının intensiv inkişafını labüd edən süni intellekt sahəsidir. "AzInTelecom"un ölkədə ilk dəfə təsis etdiyi Superkompüter Mərkəzi məhz bu sahənin irəliləyişinə töhfə verir. Hazırda AZCON ekosistemi daxilində süni intellektin tətbiqi üzrə 10-dan artıq sahə təyin olunub, eyni zamanda hər bir qurum üçün süni intellekt həllərinin praktiki istifadəsinə dair konkret hədəflər formalaşdırılıb. Qurumların hazırlıq və yetkinlik dərəcəsindən asılı olaraq bəziləri süni intellekt həllərini daha yüksək səviyyədə tətbiq edir. Digərləri üçün isə infrastrukturun qurulması, məlumatların toplanması və süni intellektin tətbiqinə hazır hala gətirilməsi istiqamətində fasiləsiz iş aparılır.

Rəqəmsal xidmətlər sahəsində də əhəmiyyətli nailiyyətlər qazanılır. Hazırda SİMA rəqəmsal platformasının istifadəçi sayı 4,2 milyon nəfərə yüksəlib ki, bu da vətəndaşların rəqəmsal xidmətlərə olan inamının və müraciətinin sürətlə artdığını təsdiqləyir.

Kibertəhlükəsizlik istiqamətinə gəlincə, Holdinq daxilində bu proseslərin idarə olunmasında "AzInTelecom"un tərkibində fəaliyyət göstərən Əməliyyatların Təhlükəsizliyi Mərkəzi – "Security Operations Center" (SOC) mühüm funksiya daşıyır. SOC kibertəhlükəsizliyin fasiləsiz rejimdə təmin edilməsində əsas rol oynayır.

– "Report" İA: Holdinqin idarəetmə modelləri, eləcə də yeni yanaşma metodlarından bəhs edirik. Bu məqamda diqqəti insan aspektinə yönəltmək istəyirəm. Sadə formada izah etsək, vətəndaşlar ötən dövrdə AZCON-un fəaliyyətinin nəticələrini gündəlik həyatlarında hansı dəyişikliklərlə hiss edirlər?

– Bu gün ictimai nəqliyyat sektorunda yeni inteqrasiya prosesi start götürür. "Bakı Metropoliteni" QSC yenidən strukturlaşdırılaraq nəqliyyat sahəsində metro, avtobus, tramvay və taksi üzrə xidmətlər qarşılıqlı şəkildə inteqrasiya ediləcək və vahid, mərkəzləşdirilmiş formada idarə olunacaq. İlk növbədə "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC istiqamətində görülən işləri qeyd etmək yerinə düşər.

"BakuBus" vasitəsilə daşınan sərnişinlərin sayı 38 % artaraq 203 milyon nəfərə yüksəlib. Xidmət səviyyəsinin yüksəldilməsi və nəqliyyat parkının təzələnməsi yönündə ardıcıl tədbirlər reallaşdırılır. Bundan əlavə, "BakuBus" MMC-nin Gəncə şəhərində fəaliyyətinin qurulması çərçivəsində cənab Prezident İlham Əliyevin iştirakı ilə Gəncə Avtobus Parkının rəsmi açılışı baş tutub və yüksək ekoloji standartlara uyğun 280 avtobus istismara daxil edilib. Eyni zamanda avtobus parkının yenilənməsi prosesi fasiləsiz davam etdirilir. Keçən il Bakı şəhəri üçün 200 ədəd, Naxçıvan üçün 60 ədəd, Qarabağ üçün isə 40 yeni avtobusun satın alınması təmin edilib. Gəncə şəhəri daxil olmaqla ümumilikdə 580 yeni sərnişin avtobusu əldə olunub. Cari il ərzində isə 169 avtobusun alınması planlaşdırılır.

Həmçinin bu il Albalılıq avtobus parkı artıq fəaliyyətə başlayıb, Naxçıvan avtobus parkının isə yaxın zamanda istismara verilməsi gözlənilir. Paralel olaraq, Qarabağ istiqamətində Xankəndi, Ağdam, Laçın və Cəbrayıl depolarının, eləcə də Xırdalan deposunun inşasının cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur ki, bu da ölkə üzrə sərnişindaşıma infrastrukturunun daha da möhkəmləndirilməsinə töhfə verir.

"Bakı Metropoliteni" QSC üzrə sərnişin axınının daha səmərəli idarə edilməsi üçün minimal hərəkət intervalı 2 dəqiqə 5 saniyədən 1 dəqiqə 45 saniyəyə endirilmişdir. Daha əvvəl qeyd olunduğu kimi, Bakı Metropoliteninin "BakuBus" MMC və "Bakı Taksi Xidməti" MMC ilə yenidən təşkilatlanması nəticəsində sərnişin hərəkəti daha effektiv idarə olunacaq və bu da vətəndaşların gündəlik yaşam tərzini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Bundan başqa, "Bakı Metropoliteni" QSC üzrə vətəndaşlara təqdim olunan xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə ötən il 30 ədəd müasir nəsil vaqon alınıb. Dövlət proqramı çərçivəsində 2030-cu ilədək istismar müddətini tamamlamış vaqonların mərhələli qaydada dəyişdirilməsi və 299 ədəd yeni nəsil vaqonun satın alınması planlaşdırılır.

Sərnişindaşıma sahəsində də əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Dəmir yolu nəqliyyatında sərnişin daşımaları yeni istiqamətlərdə reyslərin təşkili ilə 21 % artaraq 10,3 milyon nəfərə çatıb. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC 20 ədəd yeni sərnişin qatarı tədarük etməyi planlaşdırır. Eyni zamanda Bakı–Tbilisi–Bakı sərnişin qatarı reysinin bərpa olunması regionlararası əlaqələrin gücləndirilməsi baxımından böyük önəm kəsb edir.

Aviasiya sahəsində isə "Azərbaycan Hava Yolları" QSC prioritet reyslər üzrə uçuş tezliklərini artırıb, icra olunan reyslərin və daşınan sərnişinlərin ümumi sayında yüksəliş müşahidə edilib. Gələcək dövrdə istiqamət sayının və reys tezliklərinin daha da genişləndirilməsi hədəflənir. Bu istiqamətdə 2025-ci ildə 2 ədəd yeni "Airbus A320 Neo" istismara verilib. 2026-cı il üçün isə ümumilikdə 8 ədəd yeni təyyarənin istismara daxil edilməsi nəzərdə tutulub. Bu tədbirlər vətəndaşların daha geniş istiqamətlər üzrə rahat və təhlükəsiz formada hava nəqliyyatı xidmətlərindən yararlanma imkanlarının artırılmasına yönəlib.

– "ARB 24": Holdinqin kadr ehtiyatlarının formalaşdırılması ilə bağlı yanaşması necədir? İnsan kapitalı ilə bağlı hansı addımlar atılır?

– Kadr potensialı və kadr ehtiyatı istənilən qurum, təşkilat, eləcə də hər bir dövlətin siyasətində mərkəzi əhəmiyyətə malik olan strateji amillərdir. Bu səbəbdən ilk növbədə istedadların və davamçıların aşkara çıxarılması məqsədilə bir sıra proqramlar təşkil olunub. Ümumilikdə Holdinqin bütün portfelləri nəzərə alındıqda kifayət qədər işçi heyətinin mövcud olduğu görünür. Həmin kadrların arasından xüsusi bacarıqlara sahib şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv iş aparılır. Bu məqsədlə bir neçə fərqli proqram hazırlanıb.

Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyi ilə birgə "Rəqəmsal körpü" adlı təcrübə proqramı reallaşdırılıb. Həmin proqram çərçivəsində cəmi 1 000 tələbə ümumi sorğuda iştirak edib və onların yalnız 110 nəfəri seçilərək irəli çəkilib. Seçilmiş tələbələr müəyyən müddət ərzində Holdinqin tərkibinə daxil olan qurumlarda təcrübə keçəcəklər.

Digər mühüm layihə isə AZCON Holding ilə Azərbaycan Texniki Universitetinin (AzTU) birgə əməkdaşlığı və "TUM International GmbH"nın akademik dəstəyi sayəsində "AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) yaradılmasıdır.

Bu təşəbbüsün başlıca hədəfi tələbələrlə real sənaye sektoru arasında sinerjinin formalaşdırılması, onların daha sahəvi və sistemli qaydada məlumatlandırılması, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

– "Report" İA: Şahin müəllim, qarşıdakı dövr üçün prioritetlər hansılardır? AZCON növbəti mərhələdə hansı sahələrə diqqət yetirəcək?

– Başlıca hədəfimiz qurumların institusional inkişafını həyata keçirmək, əməliyyat effektivliyini və rəqabətədavamlılığını yüksəltməklə ölkənin maliyyə sabitliyinə dəstək verməkdir. Biz hazırda nəqliyyat, kommunikasiya və rəqəmsal infrastruktur sahələri üzrə qısa, orta və uzunmüddətli inkişaf istiqamətlərini artıq təyin etmişik. Bundan əlavə, beynəlxalq investorların layihələrə cəlb edilməsi mühüm prioritetlərimiz sırasındadır. Və nəhayət əvvəlcə vurğuladığım kimi, ən əhəmiyyətli məsələ vətəndaşlarımıza daha yüksəkkeyfiyyətli, daha əlçatan və daha etibarlı xidmətlər göstərilməsini təmin etməkdir.

Mənbə: report.az

Xəbər lenti