Meksika hakimiyyəti DÇ-2026 ərəfəsində Afrikada müşahidə olunan Ebola virusu ilə əlaqədar epidemioloji nəzarət və profilaktik tədbirləri gücləndirib.
"Report" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri David Kerşenobiç mətbuat konfransında danışıb.
"Dünya çempionatı kontekstində, xüsusilə ABŞ və Kanada ilə koordinasiyalı şəkildə epidemioloji nəzarət protokollarını tətbiq edirik", - nazir bildirib.
Onun sözlərinə görə, hazırda Meksikada Ebola virusuna yoluxma halı qeydə alınmayıb və infeksiyanın yayılma riski "çox aşağı" olaraq qiymətləndirilir.
Meksika hakimiyyəti hava limanlarında əlavə sanitar nəzarət tədbirləri tətbiq etməyi planlaşdırır. Sərnişinlərin sənədləri və marşrutları, o cümlədən Avropa və digər regionlar üzərindən tranzit keçidləri yoxlanılacaq. Həmçinin aviaşirkətlərlə əməkdaşlıq çərçivəsində uçuşdan əvvəl risk faktorlarına nəzarət gücləndiriləcək.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikasında və Uqandada Ebola virusunun yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə ictimai səhiyyə vəziyyəti elan edib.
Mənbə: report.az