Yumru sifətli qadınlar üçün üz cizgilərini vizual olaraq uzadan və görünüşə yüngüllük qatan saç kəsimləri daha uyğun hesab olunur. Əsas məsələ düzgün forma seçmək və dəyişiklikdən çəkinməməkdir. Çünki uğurlu saç düzümü görünüşü tam yeniləyə, üz cizgilərini daha zərif göstərə və özünəinamı artırmağa kömək edə bilər.
Lent.az bu saç düzümlərini təqdim edir:
Düzgün seçilmiş saç kəsimi yalnız görünüşü yeniləmir, həm də üz cizgilərini vizual olaraq dəyişə bilir. Yumru üz formasına sahib qadınlar üçün bu xüsusilə vacibdir. Çünki uyğun saç düzümü yanaq sümüklərini vurğulaya, üzü daha incə göstərə və hətta daha gənc görünüş yarada bilər.
Stilistlərin sözlərinə görə, bəzi saç kəsimləri sanki məhz yumru sifət üçün yaradılıb. Onlar görünüşə harmoniya, yüngüllük və zəriflik qatır. Əsas məsələ hansı modellərin uyğun olduğunu və hansılarından uzaq durmağın daha yaxşı olduğunu bilməkdir.
Uzadılmış kare
Uzadılmış kare yumru sifət üçün ən uğurlu saç kəsimlərindən biri hesab olunur. Bu model üz cizgilərini vizual olaraq uzadır və konturları daha incə göstərir. Xüsusilə yüngül dalğalı və ya asimmetrik variantlar daha effektli görünür.
Üzü yumşaq şəkildə çərçivəyə alan ön saç telləri zərif görüntü yaradır və qadınsılığı vurğulayır. Bununla yanaşı, yanaq səviyyəsində bitən çox qısa kare yumru sifəti daha da vurğulaya bilər. Buna görə saç uzunluğu çənədən bir qədər aşağı olmalıdır.
Kaskad saç kəsimi
Çoxqatlı saç kəsimləri yumru sifətli qadınlara çox yaraşır. Kaskad texnikası saç düzümünü daha yüngül və harmonik göstərməyə kömək edir. Stilistlər bildirirlər ki, vertikal xətlər və uzunluq keçidləri üzü vizual olaraq uzadır. Bundan əlavə, kaskad saçlara ağır görüntü yaratmadan təbii həcm və hərəkət verir. Bu saç düzümü xüsusilə orta və uzun saçlarda daha gözəl görünür.
Uzadılmış çolka ilə piksi
Bir çox yumru sifətli qadın qısa saç kəsimlərindən çəkinir. Halbuki düzgün seçilmiş piksi modeli görünüşü həm müasir, həm də daha dəbli edə bilər. Burada əsas sirr başın üst hissəsində həcm yaratmaq və uzun, yan çolka istifadə etməkdir.
Bu üsul sifəti daha uzun və balanslı göstərməyə kömək edir. Bu saç modeli eyni zamanda daha gənc görünüş yaradır və görünüşə xarakter qatır.
Yumru sifətli qadınlar hansı saç düzümlərindən uzaq durmalıdır?
Stilistlər çox qalın və düz çolkalardan uzaq durmağı məsləhət görür. Alını tam örtən qalın çolka sifəti daha geniş göstərərək üz cizgilərini ağırlaşdıra bilər. Həmçinin həcm verməyən çox qısa və düz saç kəsimləri və ya tam geriyə daranmış saçlar da yaxşı seçim sayılmır. Bu cür saç düzümləri yanaqların yumruluğunu vurğulayaraq sifəti daha geniş göstərə bilər.
Dəb saç kəsimi yumru sifət üçün saç kəsimi


Mənbə: lent.az