Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatına fərqli hazırlaşıb.
"Report"un məlumatına görə, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov jurnalistlərə açıqlamasında deyib.
O, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı haqqında fikirlərini bölüşüb:
"Ölkə çempionatı bitən kimi turnirin hazırlığına start verdik. Yoldaşlıq oyunları keçirdik, turnirə qatıldıq. Avropa çempionatına dünya reytinqinin lideri kimi gedirik. Hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Amma biz də özümüzü rəqiblərə qarşı fərqli hazırlamışıq. Ümid edirəm ki, qızıl medal qazanacağıq".
V.Qafarov rəqiblərin güclü olduğunu sözlərinə əlavə edib:
"Ölkəmizdəki dünya çempionatından sonra hər kollektiv özünə "çəki-düzən" verib. İtaliya və Fransa seçmələri xeyli artırıblar. Avropa ölkələri olduğu üçün hamısından təhlükə gözləyirik".
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.
Mənbə: report.az