Vaşinqton və Tehran tərəfindən hazırlanan ilkin razılaşmalar İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini nəzərdə tutur.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Diplomatik mənbənin sözlərinə görə, razılaşma layihəsi İranın heç vaxt nüvə silahı hazırlamayacağını təsdiqləyəcəyini və zənginləşdirilmiş uran ehtiyatının utilizasiyasına razılıq verəcəyini nəzərdə tutur.
Qəzet qeyd edir ki, bu sazişlərin həyata keçirilməsi mexanizminin yaxın iki ay ərzində razılaşdırılması planlaşdırılır.
İran rəsmiləri arasındakı mənbə nəşrə bildirib ki, tərəflərin hazırladığı "anlaşma memorandumu" həmçinin Tehranın Hörmüz boğazını açmasını, ABŞ-nin 12 milyard dollar dəyərində İran aktivlərini azad etməsini və ABŞ-nin İrana qarşı dəniz blokadasına son qoymasını da nəzərdə tutur.
Qəzet vurğulayır ki, tərəflər hələ heç bir sənəd imzalamayıblar və İran hakimiyyət orqanlarından yekun təsdiq hələ verilməyib.
Nəşrin İran mənbəyinin sözlərinə görə, yuxarıda qeyd olunan memorandumda hələlik nüvə məsələləri ilə bağlı konkret razılaşmalar yoxdur və yalnız bu məsələləri daha ətraflı müzakirə etmək öhdəliyi nəzərdə tutulur.
Mənbə: report.az