"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan"la səfər oyununda vurulan sonuncu qol "Zirə" üçün əlamətdar olub.
Yubiley topuna Junior Martins imza atıb. Bununla da "Zirə" Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.
Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.
Debütü 2015/2016 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Zirə" "Araz-Naxçıvan"la səfər görüşündə 2:3 hesabı ilə uduzub.
Mənbə: report.az