Türk kinosunun əfsanəvi aktyorlarından olan 77 yaşlı Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı pərəstişkarlarını kədərləndirən bir xəbər yayılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, mayın 14-də vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən və sətəlcəm (pnevmoniya) diaqnozu ilə reanimasiya şöbəsində müalicə olunan sənətçinin vəziyyəti ağırlaşıb və həkimlər onun süni nəfəs aparatına qoşulmasına (intubasiya edilməsinə) qərar veriblər.
Usta aktyorun həyat yoldaşı Jülide Kural sənətçinin son vəziyyəti ilə bağlı verdiyi açıqlamada vəziyyətin olduqca ciddi olduğunu bildirib. O, müayinələr zamanı ağciyərdə sətəlcəmdən başqa bir şişin (tümör) də aşkarlandığını vurğulayıb. Həkimlərin xəstəyə daha rahat müdaxilə edə bilməsi, onun ağrı çəkməməsi və müalicənin tam nəzarət altında aparılması üçün süni nəfəs aparatına qoşulduğunu deyən Kural, hamıdan dua gözlədiklərini ifadə edib.
Qeyd edək ki, Kadir İnanırı xəstəxanada son olaraq sənətçi dostu Coşkun Sabah ziyarət edib və bu görüş zamanı çəkilən foto sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Digər tərəfdən, usta aktyor 2024-cü ildə insult səbəbindən uzun müddət reanimasiyada müalicə görmüş, xəstəxanadan çıxdıqdan sonra isə fizioterapiya kursları keçmişdi.
Kadir İnanır mədəniyyət maqazinMənbə: lent.az