IMG-LOGO

Sadəcə "şirin" su deyil: Qarpızın sizi təəccübləndirəcək sağlamlıq FAYDALARI

21 May 2026 19:20 2 baxış
IMG
2 0

Qarpız uzun müddətdir ki, yay fəslinin sevimli şirniyyatı olub, lakin tədqiqatlar göstərir ki, bu təravətləndirici meyvə sadəcə susuzluğu yatırmaqdan daha çox faydalar təklif edə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, araşdırmaçılar müəyyən ediblər ki, müntəzəm olaraq qarpız yeyən insanlar daha sağlam qidalanırlar və ürək və damar funksiyalarını daha səmərəli saxlaya bilirlər.

Qarpız ürək-damar və maddələr mübadiləsi (metabolik) sağlamlığı ilə bağlı olan qida maddələrinin, antioksidantların və təbii birləşmələrin heyranedici birləşməsini təmin edir.

Tərkibindəki suyun yüksək, kalorinin isə az olması onu rasionunuza daha çox meyvə əlavə etməyin asan bir yoluna çevirir.

Qarpız daha keyfiyyətli rasionla əlaqələndirilib

Aparılan bir araşdırmada, ABŞ-da qarpız yeyənlərlə ondan istifadə etməyənlərin rasionunu müqayisə etmək məqsədilə Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun (NHANES) məlumatları öyrənilib. Təhlillər göstərib ki, qarpız istehlak edən həm uşaqlar, həm də böyüklər, ümumilikdə, daha keyfiyyətli rasiona malik olublar.

Əldə edilən nəticələrə görə, qarpız istehlakçıları daha çox qida lifləri, maqnezium, kalium, C vitamini, A vitamini, likopin və digər karotinoidlər qəbul ediblər. Eyni zamanda, onlar daha az əlavə şəkər və doymuş yağlar istehlak ediblər.

Qarpızın tərkibindəki birləşmələr ürək sağlamlığını dəstəkləyə bilər

Başqa bir klinik sınaqda qarpız şirəsinin qanda şəkərin yüksək olduğu dövrlərdə qan damarlarının funksiyasını qorumağa kömək edə biləcəyi öyrənilib. Randomizə olunmuş, ikiqat kor, plasebo-nəzarətli çarpaz tədqiqatda iki həftə ərzində hər gün qarpız şirəsi içən 18 sağlam gənc iştirak edib.

Tədqiqatçılar qarpızın tərkibindəki və azot oksidinin yaranmasında iştirak edən iki təbii birləşməyə - L-sitrunil və L-argininə diqqət yetiriblər. Azot oksidi qan damarlarının rahatlamasına və genişlənməsinə kömək edir ki, bu da sağlam qan dövranı və ürək-damar funksiyasının mühüm hissəsidir.

Araşdırma, rasiona qarpız şirəsinin əlavə edilməsinin hiperqlikemiya (yüksək qan şəkəri) zamanı damar funksiyasını qorumağa kömək etdiyinə və ürək ritminin dəyişkənliyinə təsir göstərdiyinə dair sübutlar aşkar edib.

"Biz qəbul edirik ki, seçmə qrupunun ölçüsü kiçik olsa da (18 sağlam gənc kişi və qadın) və əlavə tədqiqatlara ehtiyac duyulsa da, bu iş qarpızın müntəzəm qəbulunun ürək-damar və metabolik sağlamlıq üçün faydalı olduğunu göstərən mövcud sübutlar bazasını daha da zənginləşdirir. L-sitrunil və L-argininlə yanaşı, qarpız antioksidantların, C vitamininin və likopinin zəngin mənbəyidir - bunların hamısı oksidləşdirici stressi azaltmağa və ürək xəstəliklərinin profilaktikasında rol oynamağa kömək edə bilər", - Luiziana Ştat Universitetinin Qidalanma və Qida Elmləri Məktəbinin professoru, fəlsəfə doktoru Cek Losso izah edib.

Sonrakı tədqiqatlar üstünlükləri öyrənməyə davam edir

Hmin işlərin dərci anından bəri əlavə icmallar və meta-təhlillər qarpızın damar və metabolik sağlamlıqdakı rolunu öyrənməyə davam edib. Tədqiqatçılar bildiriblər ki, qarpız istehlakı və L-sitrunil əlavələri damarların elastikliyi və qan dövranı ilə bağlı göstəriciləri, o cümlədən nəbz dalğasının sürətini və endotelial funksiyanı yaxşılaşdıra bilər.

Alimlər qarpıza xüsusi maraq göstərirdilər, çünki o, L-sitrunilin ən zəngin təbii qida mənbələrindən biridir. Son icmallar bu giləmeyvənin azot oksidi istehsalını, sağlam qan axınını və ürək-damar funksiyasını dəstəkləməkdə potensial rolunu vurğulayıb, baxmayaraq ki, ekspertlər irihəcmli və uzunmüddətli tədqiqatlara hələ də ehtiyac olduğunu diqqətə çatdırıblar.

Qarpız həmçinin güclü antioksidant olan likopinlə zəngindir. Likopin oksidləşdirici stressin azaldılması və ürək sağlamlığı üçün potensial faydalarla əlaqələndirilir. Qırmızı qarpız növləri, bir qayda olaraq, xüsusilə yüksək səviyyədə likopin ehtiva edir.  Susuzluğu yatıran az kalorili giləmeyvə

Tədqiqat ətrafındakı ajiotajdan başqa, qarpız ilboyu zövqlə yeyilə bilən, qida maddələri ilə zəngin bir giləmeyvə olaraq qalır. Təxminən 300 qramlıq bir porsiya cəmi 80 kalori təşkil edir və gündəlik C vitamini normasının 25 faizni, B6 vitamini normasının isə 8 faizini təmin edir.

Bu giləmeyvənin təxminən 92 faizi sudan ibarətdir, bu da onu isti havada və ya fiziki məşqlərdən sonra susuzluğu yatırmaq üçün mükəmməl bir seçim edir.

İstər yay barbeküsündə təqdim edilsin, istər smuzilərə qarışdırılsın, istərsə də, salatlara əlavə edilsin - qarpız rasiona vitaminlər, antioksidantlar və hidratasiya (su) daxil etməklə yanaşı, meyvə istehlakını artırmağın asan bir yolunu təqdim edir.

Sevda Rumi

Qarpız faydaları

Mənbə: lent.az

Xəbər lenti