Somalidə və Afrikanın bir çox yerlərində quraqlıq, daşqınlar, məcburi köçkünlük və ekoloji təzyiqlər mənzil təhlükəsizliyinə, eləcə də şəhərsalma sisteminə birbaşa təsir göstərir.
"Report" xəbər verir ki, bunu Somalinin Nayrobidəki UN-Habitat və UNEP yanındakı Daimi Nümayəndəliyində səfirin baş məsləhətçisi Buşra Ahmed Abdi WUF13 çərçivəsində təşkil olunan Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masasında deyib.
O bildirib ki, Afrika ölkələrində əsas prioritet torpağa və əsas xidmətlərə çıxışın praktiki və inklüziv şəkildə təkmilləşdirilməsidir:
"Bir çox hallarda problem təkcə mənzil çatışmazlığı deyil, həm də, qeyd edildiyi kimi, təhlükəsiz mülkiyyət hüququnun, drenajın, yolların, sanitariyanın, su sistemlərinin və iqlimə davamlı infrastrukturun olmamasıdır. İqlimə davamlılıq da getdikcə daha təxirəsalınmaz xarakter alır".
Baş məsləhətçinin sözlərinə görə, Somalidə ilin altı ayı quraqlıq keçir: "Digər altı ayda isə daşqınlara məruz qalırıq. Bu, hər il təkrar olunur. Bu, təkcə Somalidə deyil, Keniya və Şərqi Afrikanın əksər hissəsində də baş verir. Biz bu iqlimə uyğunlaşan məskunlaşma proqramları hazırlmalıyıq".
Mənbə: report.az