Ukraynanın kiçik şəhərləri çox vaxt mürəkkəb mənzil layihələrinin həyata keçirilməsi üçün kifayət qədər kadr potensialına malik olmur.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Pavlo Frolov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bir çox bələdiyyələrdə dövlət-özəl tərəfdaşlığı qura bilən və beynəlxalq donorlarla qarşılıqlı əlaqə yarada bilən urbanist, hüquqşünas və layihə menecerləri çatışmır.
"Məhz burada beynəlxalq tərəfdaşlar konkret rol oynamalıdırlar - təkcə layihələri maliyyələşdirməməli, həm də növbəti layihəni əvvəlkindən daha asan edəcək institusional potensialın yaradılmasına kömək göstərməlidirlər", - o bildirib.
P.Frolov qeyd edib ki, bu cür dəstəyi UN-Habitat, UNOPS, BMT-nin İnkişaf proqramı və beynəlxalq maliyyə institutları göstərə bilərlər.
Mənbə: report.az