Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) "Boston Consulting Group" beynəlxalq konsaltinq şirkətinin qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib.
"Report" xəbər verir ki, təqdimata ev sahibi Bakının da adı daxil edilib.
"Boston Consulting Group"un nümayəndəsi Yekaterina Şapoçka bildirib ki, yaşayışa yararlılıq baxımından Avropa şəhərləri liderliyini qoruyub saxlayır:
"Tədqiqata görə, Sürix, London və Oslo ilk üç yeri tutur. Lakin Şanxay və Orta Asiya şəhərləri sürətlə bu fərqi azaldır, Şanxay isə hazırda 14-cü yerdədir. Əslində, inkişaf etməkdə olan şəhərlər yaşayışa yararlılıq baxımından ən güclü irəliləyişlərə imza atıblar və bu tendensiya davam edərsə, istedad axını bu şəhərlərə keçə bilər".
Xatırladaq ki, 1963-cü ildə təsis edilmiş BCG-nin baş ofisi ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yerləşir. Şirkət qabaqcıl idarəetmə konsaltinqi, texnologiya və dizayn, korporativ və rəqəmsal müəssisələr vasitəsilə həllər təqdim edir. Qlobal şəbəkəyə malik şirkətin 50 ölkədə 90-dan çox ofisi var. BCG 2010-cu illərin əvvəllərindən Azərbaycanda tərəfdaşlarla əməkdaşlıq etməyə başlayıb. BCG-nin konsaltinq xidmətləri Azərbaycanda yerli, beynəlxalq və dövlət sektoru şirkətlərini əhatə edir.
"Boston Consulting Group" həmçinin Bakı şəhərinin Baş planının hazırlanması işinə cəlb edilib, beynəlxalq strateji məsləhətçi olan şirkətin dəstəyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib.
Mənbə: report.az