IMG-LOGO

UNECE rəsmisi: "Xarkovda müharibədən zərər görmüş ərazilərin bərpası praktiki mərhələyə keçir"

21 May 2026 16:55 3 baxış
IMG

Ukraynada mənzil siyasətinin islahatı həm milli, həm də yerli səviyyədə həyata keçirilir.

"Report" xəbər verir ki, bunu BMT Avropa İqtisadi Komissiyasının (UNECE) Ukrayna üzrə proqramının rəhbəri Tamara Fortes Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlərin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, əsas nailiyyətlərdən biri mənzil siyasətinin fundamental prinsipləri haqqında qanunun qəbul olunmasıdır: "Bu, mənzil bərpası, əlçatanlıq və uzunmüddətli dayanıqlılıq üçün müasir çərçivənin formalaşdırılması baxımından mühüm addımdır".

T.Fortes qeyd edib ki, təşəbbüs xüsusilə Xarkov və Nikolayev şəhərlərinə fokuslanıb: "Xarkovda layihə əvvəlcə müharibədən ən çox zərər görmüş Şimali Saltivka ərazisinin bərpası üzrə beynəlxalq memarlıq müsabiqəsi kimi başlamışdı. Hazırda isə konsepsiyadan praktiki icra mərhələsinə keçir. Layihə yerli hakimiyyət orqanları və Şəhər İqtisadiyyatı Milli Universiteti ilə birlikdə investisiyaya hazır texniki layihələrə çevrilir. Məqsəd yalnız yaşayış binalarını bərpa etmək deyil, həm də enerji səmərəli, inklüziv və müasir yaşayış məhəllələri yaratmaqdır. Bu məhəllələrə sosial infrastruktur, ictimai sığınacaqlar, əlçatan mühit və keyfiyyətli ictimai məkanlar daxil olacaq".

Mənbə: report.az

Xəbər lenti