Bir çox icmalarda kanalizasiya və su infrastrukturu ilə bağlı problemlər hələ də həll olunmur.
"Report" xəbər verir ki, bunu Gecəqondu Sakinlərinin Beynəlxalq Təşkilatının xüsusi nümayəndəsi Rose Molokoane Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bəzi yaşayış məntəqələrində kanalizasiya suları küçələrə axır və sakinlər hələ də primitiv sanitar şəraitdən istifadə edir: "Biz hələ də çöl şəraitində ehtiyacımızı ödəməyə məcburuq, çünki sanitariya yoxdur. Yerli və milli hökumətlər yalnız vədlər verir. Siyasətlər kağız üzərində qalmamalı, real nəticələrə çevrilməlidir".
O, yüksək işsizlik şəraitində insanların su pulunu ödəməsinin çətin olduğunu vurğulayıb: "Bələdiyyələr bizdən su üçün ödəniş tələb edir? Amma işsizlik çox yüksəkdir. İnsanlar bu pulu haradan tapsın? Su xidmətlərinin maliyyələşdirilməsi ilə yanaşı, sosial ədalət məsələsi də diqqətdə saxlanılmalıdır".
Mənbə: report.az