Gəncə şəhərinin 2026-cı ilin mart ayında təsdiqlənmiş yeni baş planına əsasən, şəhərin gələcəkdə təxminən 500 min nəfər əhali üçün inkişaf etdirilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, plan çərçivəsində yeni yaşayış massivlərinin salınması, mövcud məhəllələrin mərhələli şəkildə yenilənməsi və sosial infrastrukturla təmin olunmuş yaşayış zonalarının inkişafı nəzərdə tutulur: "Əsas məqsəd Gəncəni hər bir sakin üçün əlçatan, təhlükəsiz və dayanıqlı mənzil şəraitinə malik müasir şəhərə çevirməkdir. Gəncə həm elm və mədəniyyət beşiyi, həm də Azərbaycanın qərb qapısı hesab edilir və sürətlə inkişaf edir".
İcra başçısı əlavə edib ki, Gəncədə 270-dən çox köhnə yaşayış binasının istismar müddəti başa çatıb: "Bəzi binalar hətta müasir seysmik təhlükəsizlik standartlarına tam cavab vermir. Köhnə binalarda yüksək enerji itkiləri müşahidə olunur və yay aylarında temperaturun artması enerji infrastrukturuna əlavə yük yaradır".
Mənbə: report.az