İçərişəhərdə infrastruktur və kommunal məlumatlar vahid platformada birləşdirilib.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.
Onun sözlərinə görə, İlk mühüm addımlardan biri rəqəmsal kadastr sisteminin yaradılması olub: "İlk dəfə binalar, torpaqdan istifadə, ictimai məkan, yeraltı infrastruktur, mühəndis kommunikasiyaları, kommunal xidmətlər haqqında məlumatları vahid rəqəmsal platformada birləşdirdik. Bu, planlaşdırmanı, şöbələr arası koordinasiyanı, bərpa işlərini və əməliyyat reaksiyasını əhəmiyyətli dərəcədə təkmilləşdirdi", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, rəqəmsal nəqliyyat nəzarəti İçərişəhərdə hərəkət sıxlığını azaldıb: "Digər mühüm istiqamət mobilliyin ağıllı idarə edilməsi idi. Hamınız bilirsiniz ki, tarixi şəhərlər nəzarətsiz nəqliyyat və xaotik parkinq qarşısında son dərəcə həssasdır. İçərişəhər daxilində rəqəmsal monitorinqli nəqliyyat vasitələrinin giriş sistemlərini, tənzimlənən parkinq zonalarını, avtomatlaşdırılmış ödəniş sistemlərini və daha ciddi nəqliyyat nəzarəti mexanizmlərini tətbiq etdik. Bu, nəqliyyat təzyiqini azaltmağa, piyadaların rahatlığını artırmağa və tarixi şəhər mühitini daha yaxşı qorumağa kömək edib".
Mənbə: report.az