IMG-LOGO

Supermarketlərdə niyə tez-tez başsız balıq satılır? - Heç kimin bilmədiyi SƏBƏBLƏR

19 May 2026 18:18 3 baxış
IMG
20 0

Supermarketlərdə satılan balıqların əksəriyyətinin başsız olması bir çox alıcının diqqətini çəkir. Bəziləri bunu sadəcə rahatlıqla əlaqələndirsə də, digərləri köhnə məhsulun gizlədilməsi məqsədi daşıdığını düşünür. Əslində isə səbəb daha maraqlıdır və yalnız estetika və ya yerə qənaətlə bağlı deyil.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, balıqçılıq sənayesi üzrə mütəxəssislərinin sözlərinə görə, balığın baş hissəsinin çıxarılması məhsulun daha uzun müddət saxlanmasına, daşınmasının asanlaşmasına və qiymət siyasətinə təsir göstərir.

Əsas səbəb məhsulun tez xarab olmasıdır. Qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, balığın ən tez xarab olan hissəsi məhz başıdır. Burada qəlsəmələr və çoxlu sayda bakteriyalar yerləşdiyi üçün məhsul daha sürətlə keyfiyyətini itirir.

Bu xüsusilə uzun məsafələr qət edərək mağazalara çatdırılan dəniz balıqlarına aiddir. Baş hissə çıxarıldıqdan sonra balıq təzəliyini, qoxusunu və görünüşünü daha uzun müddət qoruyur.

Mütəxəssislər qeyd edirlər ki, başsız balığın daşınması və saxlanması da daha rahatdır. Belə məhsullar daha az yer tutur, bu isə supermarketlərə soyuducularda yerə qənaət etməyə və daha çox məhsul yerləşdirməyə imkan verir.

Bundan əlavə, artıq təmizlənmiş balıq daha sürətli satılır. Çünki bir çox alıcı evdə balıq təmizləməyə vaxt sərf etmək istəmir.

Araşdırmalara görə, müasir alıcılar minimum hazırlıq tələb edən məhsullara üstünlük verirlər. Başsız balığı təmizləmək, doğramaq və bişirmək daha rahat hesab olunur. Bu səbəbdən xüsusilə gənc ailələr və vaxtı məhdud olan insanlar belə məhsulları daha çox seçirlər.

Bununla yanaşı, bəzi alıcılar baş hissəsinin çıxarılmasının köhnə məhsulu gizlətmək üçün edildiyini düşünürlər. Mütəxəssislər isə bildirirlər ki, bu ehtimal tamamilə istisna edilmir. Çünki balığın təzəliyini ən yaxşı göstərən hissələr gözlər və qəlsəmələrdir.

Təzə balığın gözləri şəffaf və parlaq olur, qəlsəmələri isə qırmızı və ya çəhrayı rəngdə görünür. Buna görə də ekspertlər balıq alarkən qoxuya, ətin teksturasına və saxlanma şəraitinə diqqət yetirməyi məsləhət görürlər.

Əgər balıq kəskin qoxu verirsə və ya səthi həddindən artıq sürüşkəndirsə, onu almaq tövsiyə olunmur.

Mütəxəssislər balığın yalnız temperatur rejiminə düzgün əməl olunan etibarlı mağazalardan alınmasını məsləhət görürlər. Balıq əti elastik olmalı, üzərində tünd ləkələr və həddindən artıq quruluq olmamalıdır.

Dondurulmuş balığın qablaşdırılmasındakı buz qatına da diqqət yetirmək vacibdir. Qalın buz təbəqəsi məhsulun yenidən dondurulduğunu göstərə bilər.

balıq təzə balıq

Mənbə: lent.az

Xəbər lenti