Son 20 ildə xəstəliklərdə, xüsusən də lancet qızdırmasına yoluxma hallarında 400 %-dən çox artım olub.
"Report" xəbər verir ki, bunu "Lancet" qızdırma və digər arbovirus xəstəlikləri üzrə Komissiyanın nümayəndəsi Linda Lloyd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, vektorla mübarizə vasitələrindən (infeksiya daşıyıcılarına qarşı mübarizə) müvafiq və səmərəli istifadə xəstəliyin ötürülməsini real olaraq azaldacaq və ya tamamilə aradan qaldıracaq: "İqlim dəyişikliyi və ictimai infrastrukturun çatışmazlığı fonunda xəstəliyin ötürülməsini azaltmağımızın yeganə yolu bu problemlə necə mübarizə apardığımızı, yanaşmamızı dəyişməkdir. Əslində, mənim də üzvü olduğum "Lancet" Komissiyasının son bir neçə ildir üzərində işlədiyi məsələ məhz budur. Əgər denge və digər arbovirus xəstəliklərinin əsas risk faktorları sıx məskunlaşmış evlər, qeyri-kafi su təchizatı, su paylama sistemlərinin zəif idarə olunması, bərk məişət tullantılarının düzgün idarə edilməməsi və zibil yığılması xidmətlərinin olmamasıdırsa, bu bəndlərdən heç birinin səhiyyə sektorunun birbaşa öhdəliyində olmadığı bir halda, səhiyyə sektoru bura necə təsir göstərə bilər? Bunlar yerli idarəetmə orqanlarının və şəhərlərin məsuliyyətidir".
"Biz hesab edirik və bunun çox vacib olduğuna inanırıq ki, şəhərlər və yerli idarəetmə orqanları ağcaqanadlarla mübarizənin əslində şəhərsalma planlamasının əsas tərkib hissəsi olduğunu qəbul etməlidir. Ağcaqanadlarla mübarizə ilə yanaşı, yerli idarəetmə orqanlarının üzərinə ictimai infrastrukturun ədalətli şəkildə paylanmasını təmin etmək məsuliyyəti də düşür. Həmçinin inanırıq ki, yerli idarəetmə orqanları bu məsuliyyəti üzərinə götürmək üçün çox əlverişli mövqedədirlər, çünki onlar öz ərazilərini yaxşı tanıyırlar. Əgər denge və digər arbovirus xəstəliklərini getdikcə böyüyən bir təhlükə kimi ortadan qaldırmaq və azaldılmasına kömək etmək istəyiriksə, onlar lazımi əlaqələri qura və vacib tərəfdaşları bir araya gətirə bilərlər. Sağlamlıqla bağlı nəticələrdəki fərq ümumiyyətlə bizim siyasətimizdəki uğursuzluqların nəticəsidir. Beləliklə, biz işimizi qurma tərzi daxil olmaqla real olaraq dəyişiklik edə və bu problemi həll edə bilərik".
Mənbə: report.az