Şəhər icmaları, yerli hakimiyyət orqanları və ictimai təşkilatlar arasında etimad şəhər məlumatlarından effektiv istifadə edilməsində mühüm rol oynayır.
"Report" xəbər verir ki, bu barədə "Judith Nelson Foundation"ın nümayəndəsi Abi Teylor Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "İcma məlumatlarından ictimai təsirə: praktiki təcrübəyə malik ekspertlərin baxışı" adlı panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, məlumatların toplanması urbanistika üçün həqiqətən də transformasiyaedici təsirə malik ola bilər, lakin bunun üçün şəhər sakinləri, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları arasında uzunmüddətli və davamlı tərəfdaşlıqlar lazımdır.
Ekspert izah edib ki, insanlar onları həssas və ya həddindən artıq diqqətçəkən edən məlumatları paylaşırlar, buna görə də qarşılıqlı etimad məsələsi son dərəcə vacibdir və onun formalaşdırılması xeyli vaxt tələb edir.
A.Teylor qeyd edib ki, bələdiyyələrin ictimai məlumatları öz işlərinə inteqrasiya etməyə hazırlıq səviyyəsi kəskin şəkildə fərqlənir. O, uğurlu nümunə kimi hakimiyyətin kartoqrafik və ictimai məlumatları şəhər planlaşdırmasına aktiv şəkildə tətbiq etdiyi Syerra-Leonenin paytaxtı Fritaunu göstərib.
Bununla yanaşı, ekspert vurğulayıb ki, təkcə məlumat toplanması deyil, həm də hakimiyyəti bu məlumatlara etibar etməyə inandırmaq bacarığı mühüm məsələ olaraq qalır.
A.Teylor əlavə edib ki, ictimai məlumatlar sadəcə mövcud reallığı təsbit etməyə deyil, həm də şəhərlərin gələcəyinə dair uzunmüddətli baxışın formalaşdırılmasına, o cümlədən onların təbii fəlakətlərə hazırlığının artırılmasına və qeyri-rəsmi yaşayış məskənlərində infrastrukturun modernləşdirilməsinə kömək edir.
Mənbə: report.az