IMG-LOGO

Pərviz Şahbazov: "Azərbaycan "yaşıl enerji" təşəbbüsləri ilə yeni regional əməkdaşlıq arxitekturası formalaşdırır"

19 May 2026 17:48 3 baxış
IMG

Azərbaycan "yaşıl enerji" təşəbbüsləri ilə yeni regional əməkdaşlıq arxitekturası formalaşdırır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "yaşıl enerji zonası" konsepsiyası artıq Naxçıvan istiqamətində də genişlənir: "Gələcəyin şəhərlərini fərqləndirən əsas meyar artıq binaların hündürlüyü deyil, şəhərlərin qarşılıqlı əlaqələrinin gücü olacaq. Bu əlaqələrin mərkəzində isə enerji dayanır. Azərbaycan Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşərək regional enerji və "yaşıl elektrik" bağlantılarının qurulmasında strateji rol oynayır. Bu rolun daha da güclənməsində Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı mühüm əhəmiyyət daşıyır".

P. Şahbazov Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən "yaşıl enerji" təşəbbüslərinin yeni enerji əməkdaşlığı arxitekturasının formalaşmasına töhfə verdiyi diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, müasir şəhərlər artıq yalnız ölçüsünə görə deyil, dayanıqlılığı, innovativliyi, davamlılığı və inteqrasiya səviyyəsinə görə qiymətləndirilir: "Azərbaycan bu istiqamətdə regional tərəfdaşlıqların inkişafına töhfə verməkdən qürur duyur".

Mənbə: report.az

Xəbər lenti