IMG-LOGO

Hüseyn Hüseynov: "Qlobal DİM-lərin hədəflərinin 83 %-i hələ də reallaşmamış qalır"

19 May 2026 13:43 3 baxış
IMG

Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəflərinin 83 %-i hələ də reallaşmamış qalır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Milli DİM-lərin Lokallaşdırılması Çərçivələri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, son hesabatlarda dayanıqlı inkişaf məqsədlərinin yalnız 17 %-nin icra olunmaqdadır: "Bəzi irəliləyişlər əldə edilsə də, hələ də qlobal DİM hədəflərinin 83 %-i əldə olunmamış qalır, dayanıqlı inkişaf məqsədlərinin yalnız 17 %-i tərəqqi mərhələsindədir. Lakin qlobal miqyasda biz hələ də DİM hədəflərinin tam tətbiq olunmamasından əziyyət çəkirik. DİM-lərin qlobal səviyyədə reallaşdırıla bilməməsinin müxtəlif problemləri və səbəbləri var. İnkişafın maliyyələşdirilməsi, qlobal böhranlar, ekoloji və sosial məsələlər DİM-lərin tətbiqinə mənfi təsir göstərir. Azərbaycan hökumətinin bu qlobal qeyri-müəyyənliklər şəraitində DİM-ləri necə tətbiq etdiyinə və onları yerli səviyyədə necə reallaşdırmaq qərarına gəldiyimizə qısaca toxunmaq istərdim. Biz artıq iki şəhərdə SDG-lərin lokallaşdırılmasına başlamışıq".

H. Hüseynov Azərbaycanın bu istiqamətdəki milli hədəflərini və prioritetlərini diqqətə çatdırıb: "Bir ölkə olaraq biz 17 DİM, prioriteti müəyyən edilmiş 96 hədəf və 129 göstərici üzrə effektiv tətbiq mexanizminə malikik. Bu göstəricilər Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilib".

O həmçinin qeyd edib ki, minalardan təmizləməyə yönəlmiş "DİM 18" adlı milli təşəbbüsü aktiv şəkildə təşviq edir: "Bu tədbir işğaldan azad edilmiş ərazilərin – Qarabağın təhlükəsiz bərpası, məcburi köçkünlərin geri qayıtması və ölkə üçün yeni sosial-iqtisadi imkanların yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna (HLPF) dörd Könüllü Milli Hesabat (VNR) təqdim edib. Bunlar 2017, 2019, 2021 və 2024-cü illərdə baş tutub. Biz artıq 2027-ci ildə növbəti Yüksək Səviyyəli Siyasi Forumda beşinci Könüllü Milli Hesabatımızı təqdim etmək üçün ECOSOC prezidentinə müraciət etmişik".

H. Hüseynov deyib ki, DİM-lərin lokallaşdırılması hazırda ölkəmiz üçün prioritetdir: "BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin dəstəyi ilə biz şəhərlərdə DİM-lərin lokallaşdırılmasını pilot layihə kimi həyata keçirmək qərarına gəldik. Azərbaycanın iki müxtəlif şəhərini seçdik. Bunlardan birincisi Naxçıvan, ikincisi isə Şuşa şəhəridir".

Mənbə: report.az

Xəbər lenti