IMG-LOGO

Rossbax Afrika ölkələrini idxal edilmiş şəhərsalma modellərindən imtina etməyə şağırıb

19 May 2026 12:53 5 baxış
IMG

UN-Habitat Afrika ölkələrini idxal edilmiş şəhərsalma modellərindən imtina etməyə, şəhərlərin inkişafı və mənzil tikintisi zamanı yerli materiallara, ənənəvi biliklərə və mədəni xüsusiyyətlərə daha fəal əsaslanmağa çağırır.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, Afrika şəhərlərinin dayanıqlı inkişafı universal xarici yanaşmalara deyil, yerli konteksti və qitənin təbii imkanlarını nəzərə alan həllərə əsaslanmalıdır: "İdxal edilmiş şəhər inkişafı modellərindən uzaqlaşmağa çağırıram. Mənzil tikintisi prosesində mədəni xüsusiyyətləri nəzərə almaq, yerli materiallardan istifadə etmək, ənənəvi və əzəli biliklərə əsaslanmaq vacibdir. Bundan əlavə, tikinti materiallarının seçimi ilə karbon izi arasındakı qarşılıqlı əlaqəni nəzərə almaq, həmçinin Afrikanın malik olduğu təbii resurslardan maksimum dərəcədə istifadə etmək lazımdır".

A.Rossbax qeyd edib ki, bu gün Afrika sürətli urbanizasiya ilə üzləşir ki, bu da mənzil, infrastruktur və şəhər planlaşdırılması sahəsində uzunmüddətli və dayanıqlı həllərin işlənib hazırlanmasını tələb edir.

O həmçinin dayanıqlı şəhər inkişafı layihələrinin həyata keçirilməsi üçün Afrika ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti