WUF13-də Bakının memarlıq tarixi və neft bumu dövründə formalaşan şəhər kimliyi təqdim olunub.
Lent.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı tədbirdə tədqiqatçı Fuad Axundov təqdim edib.
Fuad Axundov çıxışında Bakının memarlıq inkişafı, yaşayış mədəniyyəti və şəhər kimliyinin formalaşması barədə məlumat verib.
Onun sözlərinə görə, təxminən 2 min illik tarixə malik Bakı XIX əsrin sonlarında neft bumu nəticəsində kiçik qala şəhərindən Cənubi Qafqazın ən böyük sənaye və mədəni mərkəzlərindən birinə çevrilib.
Tədqiqatçı qeyd edib ki, 1901-ci ildə Bakı dünya üzrə xam neft hasilatının təxminən yarısını təmin edib və bu iqtisadi yüksəliş şəhərin memarlıq simasını əsaslı şəkildə dəyişib.
Təqdimatda yerli neft milyonçularının tikdirdiyi tarixi binalar və onların Bakının müasir şəhər görünüşünün formalaşmasındakı rolu nümayiş etdirilib.
Fuad Axundov vurğulayıb ki, Bakı Şərq və Qərb memarlıq ənənələrinin harmonik şəkildə birləşdiyi nadir şəhərlərdən biridir və bu xüsusiyyət onun unikal mədəni kimliyini formalaşdırır.
WUF13Mənbə: lent.az