Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün mühüm platformadır.
Bunu "Report"a açıqlamasında Keniyanın "Nyeri" su və kanalizasiya şirkətinin (NYEWASCO) planlaşdırma və strategiya üzrə məsul şəxsi, Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA) Rəhbər Komitəsində Afrika su təsərrüfatı müəssisələrinin nümayəndəsi Ester Nquqi bildirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində təşkil olunan sessiyalar yüksək səviyyədə hazırlanıb: "Azərbaycanda keçirdiyim vaxtdan zövq alıram. Biz bir çox maraqlı tərəflərlə görüşmüşük və məncə, sessiyalar çox yaxşı təşkil olunub. Bakıya ilk gəlişimdir. Burada insanlar çox mehriban və yardımsevərdirlər. Hətta dil baryeri olsa belə, müasir tərcümə texnologiyalarından istifadə edərək bizə hər cür köməklik göstərməyə çalışırlar".
O, DİM-in xüsusilə təmiz su və sanitariya (DİM 6) və dayanıqlı şəhərlər (DİM 11) üzrə konkret həll yollarının tapılacağını qeyd edib: "Bu məqsədlər bir-biri ilə sıx bağlıdır və onları ayrı təsəvvür etmək mümkün deyil. 2030-cu ilə cəmi dörd il qaldığını nəzərə alsaq, ümid edirik ki, forumun sonunda bu hədəflərə çatmaq üçün real həll yolları əldə edəcəyik. Keniyada su təminatı sahəsində çətinliklər var. Azgəlirli ərazilərdə insanların təmiz suya çıxışı hələ də aktual problem olaraq qalır. Bu kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün beynəlxalq əməkdaşlığın birgə planlaşdırılmağı çox vacibdir. Çünki əsas həll yolu xalqların və tərəfdaşların birliyindədir".
Mənbə: report.az