IMG-LOGO

"Kumho" Azərbaycan bazarı üzrə inkişaf planlarını açıqlayıb

19 May 2026 11:00 3 baxış
IMG

"Azərbaycan sürücüsünün keyfiyyətli məhsula diqqəti artıb. Minik avtomobilləri və SUV seqmentində "Touring", "All-Season", "M+S" təkərlərinə maraq xüsusilə yüksəkdir. Bu kateqoriya mövsümi dəyişikliklərə uyğunlaşma və gündəlik istifadə baxımından praktik seçim hesab olunur", - bunu Cənubi Koreyanın aparıcı təkər istehsalçılarından olan "Kumho Tire" şirkətinin təmsilçiləri Bakıda media nümayəndələri və tərəfdaşlar üçün keçirdiyi infosessiyada bildirib.

Brendin rəsmi distribütoru Radius şirkətində təşkil edilən tədbirdə "Kumho"nun qlobal istehsal imkanları, texnoloji inkişaf istiqamətləri, məhsul portfeli və Azərbaycan bazarı üzrə strategiyası müzakirə olunub.

"Kumho" təmsilçiləri şirkət məhsullarının 180-dən çox ölkəyə ixrac edildiyini bildiriblər. Qeyd olunub ki, hazırda Koreya, ABŞ, Çin və Vyetnamda brendin istehsal müəssisələri fəaliyyət göstərir.

Şirkət Avropa bazarında da istehsal imkanlarını genişləndirir. Polşanın Opole şəhərində yeni zavodun tikintisi davam edir. Bu müəssisənin istifadəyə verilməsi "Kumho"ya Avropada premium avtomobil istehsalçılarının tələblərini qarşılamaq və 2028-ci ilədək illik istehsal həcmini 78 milyon təkərə çatdırmaq imkanı yaradacaq.

Koreya, ABŞ, Almaniya və Çində yerləşən 5 tədqiqat və inkişaf - R&D mərkəzində müasir, təhlükəsiz və etibarlı təkər texnologiyalarının hazırlanması üzrə araşdırmalar aparılır.

Şirkət minik avtomobilləri, SUV-lər, yüngül kommersiya nəqliyyatı, yük maşınları və avtobuslar üçün təkər istehsal edir. "Volkswagen, Skoda, Mercedes-Benz, BMW, Stellantis, Hyundai və Kia kimi qlobal avtomobil markaları ilə əməkdaşlığımız "Kumho"nun beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu göstərən əsas göstəricilərdəndir", - Koreya markasının regional təmsilçisi bildirib.

"Kumho" Azərbaycanda 2008-ci ildən "Kumho" və "Marshal" brendləri ilə təmsil olunur. Radius şirkəti 2020-ci ildə "Marshal" brendi ilə "Kumho"nun qlobal tərəfdaş şəbəkəsinə daxil olub. 2023-cü ildən etibarən "Radius", "Marshal" brendi ilə yanaşı, "Kumho" brendinin də rəsmi biznes tərəfdaşı kimi fəaliyyət göstərir.

Hazırda "Radius" avtomobil təkər mərkəzlərində "Kumho" məhsullarının satışı, təkər montajı, yoxlanılması və texniki xidmətlər həyata keçirilir. Şirkətin "Kumho" portfelində 450-dən çox məhsul çeşidi var. Bu, Azərbaycan sürücülərinə yay, qış, dörd mövsüm və multi-iqlim şəraitləri üçün seçim imkanı yaradır.

Media nümayəndələrinin suallarını cavablandıran "Kumho" təmsilçiləri bildiriblər ki, şirkət Azərbaycan bazarında müştəri gözləntilərini və sürüş ehtiyaclarını davamlı izləyir. "Kumho" yenilənən məhsul çeşidləri, mövsümi təkər həlləri və texnoloji yeniliklər barədə yerli müştəriləri mütəmadi məlumatlandırmağı planlaşdırır.

Şirkət Azərbaycan bazarında texnologiya, təhlükəsizlik, əlçatan keyfiyyət və müştəri məmnuniyyəti istiqamətində mövqeyini gücləndirməyi hədəfləyir.

Mənbə: report.az

Xəbər lenti