IMG-LOGO

Massimiliano Alleqri "Milan"da qalmaq üçün rəhbərliyə şərtlərini açıqlayıb

19 May 2026 09:36 3 baxış
IMG

İtaliyanın "Milan" komandasının baş məşqçisi Massimiliano Alleqri müəyyən şərtlər yerinə yetiriləcəyi halda vəzifəsində davam etməyə razılıq verib.

"Report" "MilanNews"a istinadən məlumat verir ki, 58 yaşlı təcrübəli mütəxəssis transfer dönəmində ciddi maliyyə yatırımlarının həyata keçirilməsini tələb edir.

Bundan başqa, italiyalı baş məşqçi mövsüm ərzində nüfuzuna zərər vuran komandadaxili problemlərin aradan qaldırılmasını da şərtləri arasına daxil edib.

"Rossonerilər"in UEFA Çempionlar Liqasına vəsiqə qazanması halında Alleqrinin müqaviləsinin müddəti avtomatik olaraq 2028-ci ilin yayına qədər uzadılacaq. Belə ki, mövcud sözləşmədə bu məzmunda xüsusi bənd nəzərdə tutulub.

Mütəxəssis cari heyətin daha da möhkəmləndirilməsi üçün rəhbərlikdən konkret addımlar atılmasını gözləyir.

Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 37 matçdan sonra 70 xal toplayaraq turnir cədvəlində üçüncü sırada yer alıb. 2010-2014-cü illərdə klubda çalışmış Massimiliano Alleqri ötən ilin yay aylarında yenidən komandaya qayıtmışdı.

Mənbə: report.az

Xəbər lenti