Azərbaycanda bələdiyyələrin birləşdirilməsi onların büdcəsinə nəzarəti asanlaşdırıb.
Bunu "Reporta açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) müəllimi Xalidə Məlikova bildirib.
Onun sözlərinə görə, birləşdirmə prosesi büdcə gəlirlərinin daha şəffaf, effektiv idarə olunmasına xidmət edir: "1999-cu ildən 2 700-dən çox bələdiyyə fəaliyyət göstərsə də, islahatlar nəticəsində onların sayı 685-ə qədər azaldılıb. Dəyişikliklər büdcəyə nəzarət mexanizmlərinin daha asan qurulmasına, hesabatlılığın artırılmasına imkan yaradıb. Bələdiyyələrin ümumiləşdirilməsi büdcə gəlirlərinin və yığılan vergilərin daha şəffaf və yığcam şəkildə idarə olunmasına şərait yaradır".
Müəllim əlavə edib ki, bələdiyyələrin gəlir mənbələrinin az olması ilə bağlı problemin həlli istiqamətində də qanunvericilik çərçivəsində müxtəlif islahatlar həyata keçirilib: "2014-cü ildə qəbul edilmiş dəyişikliklər nəticəsində bələdiyyələrə əlavə səlahiyyətlər verilib".