Meksika və Azərbaycan şəhər xidmətləri və sosial proqramlar sahəsində təcrübə mübadiləsi apara bilər.
Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero bildirib.
Onun sözlərinə görə, Meksika nümayəndə heyətinin Azərbaycanda WUF13 çərçivəsində tədbirlərdə iştirakı Mexikoda keçiriləcək növbəti Ümumdünya Şəhərsalma Forumuna hazırlıq fonunda xüsusi əhəmiyyət daşıyır.
"Azərbaycan həmişə iri tədbirləri əla təşkil edir və WUF13 də istisna deyil. Biz çox şadıq və fəxr edirik ki, şəhər proqramlarının və qədim mədəniyyət elementlərinin təqdim olunduğu bu pavilyonumuz (Meksika pavilyonu - red.) var", - səfir əlavə edib.
Şəhər siyasətinə əsas yanaşmalarla bağlı sualı cavablandırarkən Kabalyero inklüziv sosial proqramların və mənzil siyasətinin vacibliyini vurğulayıb.
"Söhbət inklüziv proqramların ayrılmaz hissəsi kimi mənzil təminatından gedir. Bu, həm də sosial cəmiyyətə qayğıya, yaşlılara, uşaqlara və qadınlara diqqətə aiddir. Bu, bizim üçün də çox vacibdir. Biz Bakının təcrübəsini götürəcəyik və onu daha da inkişaf etdirəcəyik", - o bildirib.
Səfir, həmçinin şəhər xidmətləri sahəsində iki ölkə arasında təcrübə mübadiləsi imkanlarını qeyd edib.
"Mexikoda qadınların, uşaqların və yaşlıların müxtəlif proqramlara və xidmətlərə çıxış əldə etdiyi "Utopias" mərkəzləri mövcuddur. Bu təcrübə yeni şəhər layihələri üçün faydalı ola bilər. Azərbaycanın ASAN və DOST kimi strukturları var və onların mümkün qarşılıqlı fəaliyyəti təcrübə mübadiləsinin çox maraqlı nümunəsinə çevrilə bilər", - diplomat vurğulayıb.