Pakistan şəhərlərin inkişafı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Bu barədə "Report"a Central Business District Punjab-ın (CBD Punjab) memarlıq və planlaşdırma üzrə direktoru Samir Əftab Sial bildirib.
Onun sözlərinə görə, Pakistan birgə layihələrin inkişafı çərçivəsində Azərbaycan biznesinin nümayəndələri ilə danışıqlar aparır.
"Biz Azərbaycanda müxtəlif qruplarla əməkdaşlıq qurmaq və layihələrimizi təqdim etmək, həmçinin qarşılıqlı fəaliyyət imkanlarını araşdırmaq üçün danışıqlar aparırıq", - o deyib.
Sial qeyd edib ki, söhbət şəhərsalma və daşınmaz əmlakın inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlıqdan gedir.
Onun sözlərinə görə, potensial əməkdaşlığın mərkəzində Bakı və paytaxt regionundakı layihələr dayanır.
Bakıda keçirilən WUF13-ə toxunan Sial qeyd edib ki, forumda iştirak Pakistana öz layihələrini təqdim etmək və yeni peşəkar əlaqələr qurmaq imkanı yaradır.
Bakı haqqında suala cavab verərkən o vurğulayıb ki, şəhər fəal inkişaf edən müasir urbanistik mərkəz kimi onda müsbət təəssürat yaradıb.
Ravi Şəhər İnkişafı İdarəsinin (Ravi Urban Development Authority) və Central Business District Development Authority-nin baş əməliyyat direktoru Mənsur Əhməd Cancua isə bildirib ki, Pakistan şəhərlərin inkişafı üçün Azərbaycanın investisiyalarında maraqlıdır və artıq bir sıra şirkətlərlə danışıqlar aparır.
Onun sözlərinə görə, Azərbaycan və Pakistan arasında şəhərsalma və urbanistika sahəsində əlaqələr fəal şəkildə inkişaf edir.
"Nümayəndə heyətləri səviyyəsində əməkdaşlığın genişləndirilməsinə və tərəflər arasında qarşılıqlı fəaliyyətin inkişafına yönəlmiş görüşlərimiz keçirilir. Pəncabın baş naziri Məryəm Nəvaz Şərif artıq buradadır və son günlər ərzində görüşlər keçirir ki, bu da ölkələr arasında dialoqun möhkəmlənməsinə töhfə verir", - o qeyd edib.
Cancua həmçinin vurğulayıb ki, Pakistan tərəfi Azərbaycan nümayəndələri ilə anlaşma memorandumu imzalamaq niyyətindədir.
"Anlaşma memorandumu ilk addımdır. Əməkdaşlığın praktik və səmərəli olmasını təmin etmək üçün maliyyə modelləri, texniki-iqtisadi əsaslandırmalar və investisiya səmərəliliyi məsələləri də daxil olmaqla ətraflı araşdırmalar aparacaq", - o əlavə edib.
Cancua forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Forum qüsursuz şəkildə təşkil olunub. Bakı qonaqpərvər bir şəhərdir və məndə çox güclü təəssürat yaradıb. Azərbaycan-Pakistan münasibətlərini isə həqiqətən qardaşlıq münasibətləri adlandırmaq olar".