BMT Baş katibi Antonio Quterreş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) insanların mənzil hüququnun real praktikaya çevrilməsi üçün təkan olacağına ümid edir.
"Report"un məlumatına görə, baş katib bunu WUF13-ün rəsmi açılış mərasiminin iştirakçılarına müraciətində deyib.
"Siz Bakıda qlobal böhranların, o cümlədən münaqişələrin çoxaldığı, enerji resurslarının və ərzaq qiymətlərinin artdığı bir şəraitdə toplaşırsınız. Bugünkü gündəlik ən az danışdığımız problemə - qlobal mənzil böhranına həsr olunub", - Quterreş deyib.
Onun sözlərinə görə, təxminən 3 milyard insan qeyri-qənaətbəxş şəraitdə, çox vaxt qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır.
"İnkişaf etməkdə olan ölkələrin sürətlə böyüyən şəhərlərindən icarə haqlarının yüksək olduğu və evsizlik səviyyəsinin artdığı inkişaf etmiş iqtisadiyyatlara qədər heç bir cəmiyyət bundan sığortalanmayıb. Mənzil insan hüququdur və insan ləyaqətinin əsasıdır. Qoy bu Ümumdünya Şəhərsalma Forumu bu hüququ reallığa çevirəcək katalizator olsun. Biz birlikdə heç kimi diqqətdən kənarda qoymadan bütün dünyanı mənzillə təmin edə bilərik", - o deyib.