IMG-LOGO

Ronen Kraus: Azərbaycanda WUF13-ün keçirilməsi ölkənin dünya arenasında artan rolundan xəbər verir

18 May 2026 12:45 4 baxış
IMG

Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ölkənin dünya arenasında artan rolundan xəbər verir.

Bu barədə "Report"a Bakıda WUF13 çərçivəsində İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.

"Biz bu gün səhər WUF13 ekspozisiyasını ziyarət etmək üçün gəldik, milli və kommersiya pavilyonları ilə tanış olduq və təqdim olunan layihələrin yüksək səviyyəsinə heyran qaldıq. Bakıda belə genişmiqyaslı forumun keçirilməsi faktının özü Azərbaycanın beynəlxalq arenadakı əhəmiyyətini göstərir", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı və xarici nümayəndə heyətlərinin çoxsaylı olması ölkənin dünya ictimaiyyəti tərəfindən tanınmasından xəbər verir: "Azərbaycanın belə irimiqyaslı beynəlxalq tədbirlərdə iştirak etməyə və onlara ev sahibliyi etməyə davam etməsi, həmçinin bütün dünyadan iştirakçıları cəlb etməsi onun beynəlxalq ictimaiyyətdəki rolunun tanınmasına və möhkəmlənməsinə dəlalət edir".

İsrail və Azərbaycan arasındakı əməkdaşlıqdan danışan Kraus vurğulayıb ki, qarşılıqlı fəaliyyət artıq müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir: "Bizim artıq urbanistika, şəhərsalma və iş metodları üzrə bilik, təcrübə və qabaqcıl təcrübələrin mübadiləsi sahəsində əməkdaşlığımız qurulub. Azərbaycanda layihələrin həyata keçirilməsinə öz təcrübə və texnologiyalarını gətirən İsrail şirkətləri, xüsusən də tikinti sahəsində fəaliyyət göstərir".

Səfir əlavə edib ki, İsrail həmçinin fiziki və kibertəhlükəsizlik daxil olmaqla, təhlükəsizlik sahəsində böyük səriştələrə malikdir ki, bu da ağıllı şəhərlərin inkişafı və rəqəmsallaşma şəraitində xüsusilə vacibdir: "Şəhərlərin rəqəmsal transformasiyasının müasir şəraitində informasiya və verilənlərin arzuolunmaz əllərə düşməməsi üçün onların mühafizəsini təmin etmək son dərəcə vacibdir".

Xəbər lenti