IMG-LOGO

Kallas: Çin Hörmüz boğazının açılmasında İrana təsir göstərə bilər

18 May 2026 12:52 4 baxış
IMG

Avropa İttifaqı (Aİ) Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçiliyin bərpasına nail olmağa çalışır, qlobal enerji daşıyıcılarının qiymətləri, ərzaq təhlükəsizliyi və ən həssas ölkələr üçün risklərlə bağlı xəbərdarlıq edir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ Şurasının iclasından əvvəl bəyan edib.

Kallas İran ətrafındakı münaqişənin nəticələrini inflyasiyanın artması və gübrə çatışmazlığı təhlükəsi ilə əlaqələndirib. "Biz enerji daşıyıcılarının qiymətlərinin artmasını, inflyasiyanı, eləcə də dünyanın bir çox ölkəsinə təsir edən və aclığa səbəb ola biləcək gübrə böhranını görürük", - o deyib.

Hörmüz boğazı ətrafındakı vəziyyəti şərh edən Kallas bildirib ki, ABŞ və Çinin sərbəst gəmiçiliyin bərpası məsələsində mövqelərinin üst-üstə düşməsini müsbət siqnal hesab edir.

Onun sözlərinə görə, Pekin Tehrana təsir imkanlarına malikdir və bunu gərginliyin azaldılması üçün istifadə edə bilər.

Avropa diplomatiyasının rəhbəri həmçinin Avropa İttifaqının Vaşinqton və Tehran arasında vasitəçilik imkanlarının məhdud olduğunu etiraf edib.

"Problem ondadır ki, bu, ABŞ və İran arasında baş verir və onlar faktiki olaraq vasitəçiliyi qəbul etmirlər", - o bəyan edib.

Kallas xəbərdarlıq edib ki, beynəlxalq dəniz yollarının təzyiq aləti kimi istifadə edilməsi dünyanın digər strateji boğazları üçün də təhlükəli presedent yarada bilər.

Xəbər lenti