IMG-LOGO

Elena Maçaidze: "Qafqazda şəhərsalma problemlərinə regional yanaşma lazımdır" - MÜSAHİBƏ

18 May 2026 13:00 4 baxış
IMG

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müxtəlif ölkələrdən olan şəhərsalma mütəxəssisləri, dövlət qurumları və beynəlxalq təşkilatlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar baxımından mühüm platformaya çevrilib.

Forum çərçivəsində "Report"un müsahibi olan Gürcüstanın Məkan və Şəhər İnkişafı Agentliyinin şəhərsalma üzrə xüsusi nümayəndəsi Elena Maçaidze urbanizasiya çağırışları, regional əməkdaşlıq, Azərbaycan-Gürcüstan münasibətləri və Qarabağda aparılan yenidənqurma prosesi ilə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- WUF13 çərçivəsində Gürcüstanın Məkan və Şəhər İnkişafı Agentliyi üçün əsas prioritetlər hansılardır? Forumdan nə gözləyirsiniz?

- Biz, Gürcüstanın Məkan və Şəhər İnkişafı Agentliyini təmsil edən nümayəndə heyəti olaraq bu platformanın yeni əməkdaşlıq münasibətlərinin formalaşdırılması, peşəkar şəbəkənin genişləndirilməsi, innovativ metodların araşdırılması və qarşılıqlı təcrübə paylaşımı baxımından əhəmiyyətli fürsətlər təqdim edəcəyinə inanırıq. Forumun müxtəlif dövlətlərdən olan mütəxəssisləri və nümayəndələri bir araya toplaması bizim üçün xüsusi maraq doğurur.

- Forum çərçivəsində diqqətinizi ən çox çəkən məqamlar hansılardır? Buradan hansı təcrübələri Gürcüstan üçün faydalı hesab edirsiniz?

- Burada nümayiş etdirilən yanaşmalar, pavilyonlar və şəhərsalma sahəsindəki həllər olduqca diqqətçəkicidir. Bu cür beynəlxalq platformalar yeni konsepsiyaların formalaşmasına və gələcək birgə layihələr üçün münbit zəmin yaradılmasına töhfə verir. Başlıca hədəfimiz maksimum səviyyədə bilik, təcrübə və peşəkar əlaqələr qazanmaqdır.

- Bu gün mənzil siyasəti və urbanizasiya prosesləri Gürcüstan qarşısında hansı başlıca çağırışları yaradır?

- Mənzil problemi yalnız Gürcüstana xas deyil, bu, bütün dünyada ən gündəmdə olan məsələlərdən hesab olunur. Düşünürəm ki, bu istiqamətdə doğru siyasətlərin formalaşdırılması və təşviqi əsas hədəflərdən biri olmalıdır. Bu cür tədbirlər hansı yanaşmaların daha səmərəli nəticə verə biləcəyini aydınlaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır və mövcud problemlərin aradan qaldırılmasına töhfə verir.

- Azərbaycanla birgə fəaliyyətiniz hansı səviyyədədir?

- Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə olduqca fəal iş birliyimiz mövcuddur. Bunun səbəbi fəaliyyət sahələrimizin və peşəkar baxışlarımızın bir-birinə oxşar olmasıdır. Gürcüstanda təşkil edilən milli şəhərsalma forumlarında Azərbaycandan nümayəndələr yer alıb, eyni zamanda biz də Azərbaycanda keçirilən forumlarda təcrübə paylaşımında iştirak etmişik. Mövcud tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsində maraqlıyıq.

- Sizcə, Qafqaz regionunda şəhərsalma və urbanizasiya sahəsində ortaq yanaşmaya ehtiyac varmı?

- Hesab edirəm ki, regiondakı ölkələr eyni tipli problemlərlə üzləşir. İqlim dəyişiklikləri, landşaft özəllikləri və urbanizasiya prosesləri baxımından çoxsaylı ortaq çağırışlar mövcuddur. Buna görə də bəzi məsələlərdə regional səviyyədə yanaşma daha səmərəli nəticələr verə bilər.

Fikrincə, müəyyən problemlər yalnız bir ölkənin sərhədləri daxilində deyil, birgə əməkdaşlıq müstəvisində həllini tapmalıdır.

- Qarabağa səfər etmisinizmi? Regionla bağlı təəssüratlarınız necədir?

- Bəli, Qarabağda olmuşam. Düşünürəm ki, region həm təbii landşaftı, həm də şəhərsalma perspektivləri baxımından böyük potensiala malikdir. Orada həyata keçirilən yenidənqurma və inkişaf layihələrini izləmək olduqca maraq doğurur. Xüsusilə müasir şəhərsalma prinsiplərinin tətbiqi və regionun perspektiv inkişaf strategiyası diqqəti cəlb edir.

Xəbər lenti