IMG-LOGO

Sədr müavini: "KOB üçün şəffaflıq və proqnozlaşdırıla bilən mühit daha vacibdir"

17 May 2026 14:46 3 baxış
IMG

Bir çox kiçik və orta biznes (KOB) subyektləri üçün şəffaflıq və proqnozlaşdırıla bilən mühit maliyyə dəstəyindən daha vacibdir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.

"Biz iş adamları ilə danışarkən bir problem çox tez-tez qarşımıza çıxır. KOB-larda adətən ideya, bacarıq və yaxud işləmək istəyi az olmur. Real çətinlik çox vaxt bu proseslərin özü ilə bağlıdır: uzun prosedurlar, çətin və fərqli təsdiqlər, həmçinin qurumlar arasında koordinasiya çatışmazlığı. Böyük şirkətlər daha böyük komandalara və resurslara sahib olduqları üçün adətən bu gecikmələrin öhdəsindən gələ bilirlər. KOB-lar üçün isə zaman daha həssas məsələdir və hər hansı gecikmə xərcləri artıra, nağd pul axını ilə bağlı problemlər yarada və onların daha böyük layihələrə qoşulmasını çətinləşdirə bilər", - o vurğulayıb.

R.Atakişiyev əlavə edib ki, buna görə də, qaydaları daha sadə, sürətli və proqnozlaşdırıla bilən etmək ən böyük praktiki dəyişiklik olardı: "Əgər bir biznes atılacaq addımları, vaxtı və tələbləri aydın bilsə, özü sərbəst şəkildə planlaşdıra, investisiya qoya və böyüyə bilər. Məhz buna görə də Azərbaycan rəqəmsal xidmətlərə və "Bir pəncərə" dəstək sistemlərinə diqqət yetirib. Görürük ki, KOB-lar infrastruktur və tikinti layihələrində iştirak etdikdə, fayda yerli iqtisadiyyata qalır. Nəticədə yerli istehsal artır, yeni iş yerləri açılır, xidmətlər inkişaf edir və regionlar güclənir. Bununla bağlı nümunə vermək istərdim. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri təkcə yolların, binaların və infrastrukturun bərpasından ibarət deyil. Söhbət müasir yaşayış sahələrinin, yeni biznes imkanlarının və uzunmüddətli regional artımın yaradılmasından gedir. Əlbəttə ki, bu, KOB-lar üçün tikinti materialları, logistika, turizm, kənd təsərrüfatı, istehsalat, texnologiya və xidmət sahələrində yeni imkanlar açır".

Xəbər lenti