IMG-LOGO

WUF13-də Kolumbiyanın su ehtiyatlarının qorunması üzrə ekoloji strategiyası təqdim edilib

17 May 2026 13:58 3 baxış
IMG

Kolumbiya beynəlxalq ictimaiyyəti 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin (Gündəlik-2030) birgə icrası və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əməkdaşlığı gücləndirməyə çağırır.

"Report" xəbər verir ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında Kolumbiyanın mənzil tikintisi, şəhərlər və ərazilər naziri Helqa Mariya Rivas Ardilyanın müraciətini bu ölkənin Keniyadakı səfiri Pedro L. Kortes Ruis səsləndirib.

Öz müraciətində nazir vurğulayıb ki, Kolumbiya ərazi planlaşdırılması strategiyasını su resurslarının səmərəli idarə edilməsi ətrafında qurur:

"Su - ictimai nemət və insan ləyaqətinin təminatıdır. Biz bu ümumi resursu regional hakimiyyət orqanları ilə sıx tərəfdaşlıq və yerli icmaların fəal iştirakı ilə idarə edirik. Məqsədimiz təhlükəsiz içməli su və əsas sanitariyaya çıxışı təmin etmək, ərzaq təhlükəsizliyini möhkəmləndirmək və dairəvi iqtisadiyyata keçid çərçivəsində "Sıfır tullantı" proqramı da daxil olmaqla ekoloji təşəbbüsləri dəstəkləməkdir", - sənəddə qeyd olunub.

Qurum rəhbəri həmçinin bildirib ki, Kolumbiya hökuməti mənzil çatışmazlığının həm kəmiyyət, həm də keyfiyyət baxımından azaldılmasına yönəlmiş müxtəlif mənzil proqramlarının tətbiqi vasitəsilə həm yerli vətəndaşların, həm də miqrantların həyat keyfiyyətini fəal şəkildə yaxşılaşdırır.

Bundan əlavə, müraciətdə "Bizim biomüxtəlif yaşayış mühitimiz" dövlət siyasəti sayəsində Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişin əldə olunduğu qeyd edilib.

"Bu strategiya icmalarla birgə yaradılır və birbaşa sosial və ekoloji ədalətin təmin edilməsinə yönəlib", - Helqa Mariya Rivas Ardilya deyib.

Xəbər lenti