Cənubi Koreyada 2027-ci ildən etibarən qida məqsədilə itlərin yetişdirilməsi, kəsilməsi və satılmasına tam qadağa qüvvəyə minəcək.
"Report" ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müvafiq məlumat qurumun saytında dərc olunub.
Nazirliyin məlumatına görə, ət üçün it yetişdirən fermaların 82 %-i artıq fəaliyyətini dayandırıb: "2024-cü ildən bəri 1 535 təsərrüfatdan 1 265-i bağlanıb. Qalanları 2026-cı ilin sonunadək fəaliyyətini başa vurmalıdır".
Qurum qeyd edib ki, mümkün pozuntuların və qanunsuz yetişdirmənin aşkar edilməsi üçün həm qalan fermalarda, həm də artıq bağlanmış təsərrüfatlarda yoxlamalar aparılacaq.
Qadağa Prezident Yun Sok Yolun seçkiqabağı vədlərindən biri idi. Son illər ölkədə, xüsusən gənc nəsil arasında it ətinin istehlakı əhəmiyyətli dərəcədə azalıb.