IMG-LOGO

Arılar rəngini dəyişə bilirlər - Bu necə baş verir?

16 May 2026 15:51 3 baxış
IMG
0 0

Alimlər müəyyən ediblər ki, bəzi arı növləri rənglərini cəmi bir neçə saat ərzində dəyişə bilir və bunun səbəbi mutasiya yaxud yaş deyil, havanın rütubət səviyyəsidir.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri "Earth.com" tərəfindən dərc olunub.

Söhbət Agapostemon subtilior adlı arı növündən gedir. Məlum olub ki, bu növ quru havada daha soyuq tonlarda mavi-yaşıl və ya göyümtül rəngdə görünür. Rütubətli mühitdə isə rəngi dəyişərək daha isti tonlara mis-yaşıl və ya zeytun rənginə çevrilir. Tədqiqatçılar bildirirlər ki, bu dəyişiklik cəmi bir neçə saat ərzində baş verə bilər.

Araşdırma Kaliforniya Universiteti, Santa Barbara və digər elmi qurumların mütəxəssisləri tərəfindən aparılıb. Onlar yalnız havanın rütubətinin həşəratın xarici görünüşünə təsir edə biləcəyini yoxlamaq istəyiblər.

Eksperiment zamanı arı nümunələri müxtəlif rütubət şəraitində saxlanılıb. Bir qrup 95%-dən yüksək rütubətli mühitə yerləşdirilib, digər qrup isə 10%-dən aşağı rütubət şəraitində saxlanılıb. Təxminən 24 saat sonra rütubətli mühitdə olan arılar daha isti çalarlara narıncı-zeytun tonlarına yaxın rəng alıb. Quru mühitdə isə arılar daha parlaq mavi-yaşıl rəngə çevrilib. Şərait dəyişdirildikdə rəng də əks istiqamətdə dəyişib.

Alimlər həmçinin qeyd ediblər ki, bütün nümunələr eyni reaksiya vermir. Daha köhnə, muzeydə saxlanılan arı nümunələrində rəng dəyişimi daha aydın müşahidə olunub. Bu, onların bədəninin xarici qatı kutikulanın zamanla zəifləməsi və rütubəti daha çox keçirməsi ilə izah edilir.

Tədqiqatçılar vurğulayır ki, bu fenomen piqmentlərlə bağlı deyil. Arıların rəngi onların bədən səthindəki mikroskopik strukturlar vasitəsilə formalaşır. Bu strukturlar işığı əks etdirir və onların arasındakı məsafə dəyişdikcə, insan gözü tərəfindən qəbul edilən rəng çalarları da dəyişir.

arı həşərat arılar rəngini dəyişir

Xəbər lenti