Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər artıq ənənəvi dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik mərhələsinə daxil olub.
Bu sözləri "Report"a Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupun üzvü Vüqar İskəndərov deyib.
O bildirib ki, son illərdə dövlət başçıları arasında qarşılıqlı səfərlərin intensivliyi bunu bir daha təsdiqləyir:
"Son beş ildə Prezident İlham Əliyev Qazaxıstana səkkiz dəfə, Prezident Kassım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Bu dinamika iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, türk dünyasında yeni inteqrasiya modelinin formalaşdığını nümayiş etdirir.
Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldib. Bu sənəd yalnız siyasi əməkdaşlığı deyil, iqtisadi, nəqliyyat-logistika, rəqəmsal inkişaf və humanitar sahələrdə də dərin inteqrasiyanı nəzərdə tutur. Bu gün Azərbaycan və Qazaxıstan regionun geosiyasi və iqtisadi xəritəsində bir-birini tamamlayan strateji tərəfdaşlar kimi çıxış edir".
Deputat qeyd edib ki, işğaldan azad olunmuş Şuşa şəhərinin qardaşlaşdığı ilk şəhərin Türküstan olması isə xüsusi siyasi və mənəvi məna daşıyır. Bu addım iki qardaş xalq arasında ortaq tarixə, mədəniyyətə və mənəvi bağlara söykənən münasibətlərin rəmzinə çevrilib:
"Şuşa və Türküstan arasında qurulan əlaqələr türk dünyasının mədəni inteqrasiyasının praktik nümunələrindən biri kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas məqsəd türk dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirməkdir. Bunun üçün türk dövlətlərinin iqtisadi potensialının, nəqliyyat imkanlarının, rəqəmsal resurslarının və insan kapitalının birləşdirilməsi vacibdir. Artıq Türk Dövlətləri Təşkilatı sadəcə siyasi platforma deyil, ortaq strateji maraqlar ətrafında formalaşan böyük inteqrasiya məkanı kimi çıxış edir".
V.İskəndərov əlavə edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, ailə birliyi prinsiplərinin gücləndirilməsi və ortaq layihələrin təşviqi yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirib:
"Xüsusilə də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi və Qarabağ Bəyannaməsinin qəbul olunması türk dünyasının siyasi həmrəyliyi baxımından mühüm hadisə idi.
Bu prosesin tarixi əsasları isə 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşünə gedib çıxır. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderlərinin imzaladığı "Naxçıvan Sazişi" faktiki olaraq Türk Dövlətləri Təşkilatının təməlini qoydu və türk dünyasının institusional inteqrasiyasına yeni nəfəs verdi".
O, həmçinin vurğulayıb ki, yaxın perspektivdə Bakıda keçiriləcək beynəlxalq tədbirlər də Azərbaycanın türk dünyasının inteqrasiya mərkəzinə çevrildiyini göstərir:
"WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun keçirilməsi, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk dünyası həftəsi ölkəmizin həm siyasi, həm də mədəni platforma kimi rolunu daha da gücləndirəcək.
Bütün bunlar göstərir ki, Azərbaycan bu gün yalnız regional təşəbbüslərin iştirakçısı deyil, həm də türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas dövlətlərdən biridir".

