İngiltərənin "Mançester Yunayted" klubunun azarkeşləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən, mövsümün ən yaxşı futbolçusu seçilən Brunu Fernandeş Mett Basbi mükafatına layiq görülüb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı oyunçu bu mükafatı beşinci dəfə qazanmaqla klub rekordunu yeniləyib.
Buna qədər rekord hərəyə dörd dəfə bu titula sahib çıxan Kriştianu Ronaldu və David de Xeaya məxsus idi. 31 yaşlı B.Fernandeş eyni zamanda komanda yoldaşları tərəfindən də mövsümün ən yaxşı oyunçusu seçilib.
Təcrübəli yarımmüdafiəçi 2025/2026 mövsümündə "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 35 matçda 8 qol vurub və 20 məhsuldar ötürmə edib.