Azərbaycan WUF13 çərçivəsində maddi və qeyri-maddi mədəni irslə bağlı təhlükəsizlik modeli təqdim etməyi planlaşdırır.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstanın Kazan şəhərində keçirilən ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir.
O, sessiyada çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan-ICESCO əməkdaşlığını yüksək qiymətləndirir və təşkilatla əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verir:
Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün "İslam Dünyasının Mədəniyyət Paytaxtı" elan olunması, Ağdamın "İmarət" Kompleksi və Şuşa Şəhər Dövlət Qoruğunun ötən il ICESCO-nun İslam Dünyasının İrs Siyahısına daxil edilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizə ICESCO tərəfindən həyata keçirilən beynəlxalq texniki missiyalar sıx əməkdaşlığın bariz nümunəsidir".
Nazir vurğuayıb ki, Azərbaycan ICESCO-nun müvafiq sahədə təcrübəsinin İslam dünyasının digər münaqişələrdən təsirlənmiş ərazilərində tətbiq etməyin əhəmiyyətli olduğuna inanır:
"Münaqişə zamanı zərər görmüş maddi və qeyri-maddi mədəni irsin bərpası və bu istiqamətdə bir yol xəritəsi, hərtərəfli konsepsiya hazırlamaq üçün ICESCO və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik. ICESCO da daxil olmaqla beynəlxalq tərəfdaşlarımızla birlikdə bu mövzu ilə bağlı xüsusi sessiya keçirməyi və gələn həftə Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində bir təhlükəsizlik modeli təqdim etməyi planlaşdırırıq".
Adil Kərimli həmçinin ICESCO-nun 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan "Bakı Prosesi"nin əsas tərəfdaşlarından olduğunu bildirib, tədbir iştirakçılarını bu platforma çərçivəsində cari il oktyabrın 27-29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.