"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb.
"Report" xəbər verir ki, imzalanma AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) həsr olunan mətbuat konfransında baş tutub.
Müqaviləni "AZCON Holding" tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti (AZTU) tərəfindən rektor Vilayət Vəliyev və "TUM International GmbH" (TUMint) tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar.
Xatırladaq ki, AzTU-nun nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan "TUMint" təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək.
Yüksək nəticə göstərən tələbələrin "TUM"un Münhen kampusuna tədris səfərləri nəzərdə tutulur. Proqramı uğurla başa vuran məzunlar AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, "TUM International GmbH" sertifikatını əldə edəcəklər. Eyni zamanda yüksək akademik nəticə göstəriciləri ilə fərqlənən məzunlar üçün "AZCON Holding" ekosistemində fəaliyyət göstərən şirkətlərdə karyera imkanı yaradılacaq.

