IMG-LOGO

Emin Əmrullayev: "Əsas prioritet universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsidir"

14 May 2026 09:44 3 baxış
IMG

Azərbaycanın ali təhsil sistemində universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsi əsas prioritetlərdən biridir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tədbirdə təqdim olunan əməkdaşlıq modeli Azərbaycan ali təhsilində uzun illər arzu olunan bir yanaşmanı əks etdirir: "Ali təhsil müəssisələrinin əsas göstəricilərindən biri onların əmək bazarına uyğunluğudur. Fundamental elmlərlə və tədqiqatlarla məşğul olan alimlərimiz çoxdur. Amma ən vacib məsələ məzunların iqtisadiyyata, ümumi daxili məhsulun artımına və ölkənin inkişafına verəcəyi töhfədir".

Nazir qeyd edib ki, bu məqsədlərə yalnız universitetlərin öz daxilində fəaliyyəti ilə nail olmaq mümkün deyil və ali təhsil müəssisələri ilə işəgötürənlərin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır: "Təşəbbüs üzərində bir ildən artıq müddətdir iş aparılır və layihədə beynəlxalq təcrübə də mühüm rol oynayır. Azərbaycan Texniki Universiteti, Münhen Texniki Universiteti və əmək bazarının aparıcı işəgötürənləri bir araya gəlir. İnanıram ki, bu əməkdaşlıq Azərbaycan gənclərinin və tələbələrinin daha yaxşı gələcəyinə xidmət edəcək".

O əlavə edib ki, son illər Azərbaycanın bir sıra universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi yaxşılaşıb və bəzi ali təhsil müəssisələri dünya universitetlərinin siyahısına daxil olub: "Bununla yanaşı, ölkənin iri sənaye müəssisələri də innovasiya və kadr potensialının inkişafı istiqamətində fəal işləyir. Universitetlər, sənaye sektoru və beynəlxalq tərəfdaşlar arasında formalaşan bu əməkdaşlıq modeli bir-birini tamamlayan və ümumi məqsədə xidmət edən yanaşmadır".

E.Əmrullayev xüsusilə süni intellekt və kibertəhlükəsizlik sahələrini qeyd edərək bildirib ki, yaradılan imkanlar müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər üçün açıq olacaq: "Xüsusilə süni intellekt və kibertəhlükəsizlik sahəsində öz gələcəyini həm akademik, həm də karyera baxımından qurmaq istəyən gənclər üçün bu, unikal imkandır".

Xəbər lenti