Avropa İttifaqı (Aİ) çox güman ki, ukraynalılar üçün müvəqqəti qorunmanı daha bir il, 2028-ci ilin mart ayına qədər uzadacaq.
"Report"un məlumatına görə, bu barədə Aİ-nin ukraynalılar üzrə xüsusi elçisi İlva Yohansson DW-yə müsahibəsində bildirib.
"Mövcud vəziyyəti nəzərə alaraq, düşünürəm ki, (Avropa Komissiyasından - red.) onun daha bir il, 2028-ci ilin mart ayına qədər uzadılması təklif olunacaq. Düşünürəm ki, Aİ-yə üzv dövlətlər bununla razılaşacaqlar", - o deyib.
İ.Yohanssonun sözlərinə görə, Aİ xüsusən davam edən Rusiya-Ukrayna müharibəsi və sülh müqaviləsi üçün perspektivlərin olmaması nəzərə alınmaqla, ukraynalı qaçqınların 2027-ci ilin mart ayından sonra statuslarının qeyri-müəyyənliyi ilə bağlı narahatlıqlarını başa düşür.
"Yaxın gələcəkdə sülh müqaviləsi görmürük. Buna görə də insanlar, əlbəttə, bundan sonra nə baş verəcəyini başa düşməlidirlər", - o qeyd edib.
Daha əvvəl bildirilib ki, İrlandiya hökuməti ukraynalılar üçün Aİ-də müvəqqəti qorunmanı dayandırmağa hazırlaşır.
Ukrayna hökuməti qaçqınları könüllü şəkildə geri qaytarmağa çalışır. Bununla yanaşı, Kiyev müvəqqəti mühafizə altında qalan vətəndaşlar haqqında məlumat almaq istəyir ki, onların geri qaytarılması siyasətini planlaşdırsın.