Azərbaycan mədəni irsin rəqəmsal tranformasiyası sahəsində beynəlxalq əməkdaşlıqlara önəm verir.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi" adlı panel sessiyasının açılışında deyib.
"Mədəni irsin qorunması və mühafizəsi yalnız mədəniyyət siyasətinin deyil, həm də şəhərsalma prosesinin vacib bir hissəsidir. Bu mənada, mədəni irs abidələri gələcək şəhərsalma və ümumi inkişaf üçün strateji prioritetdir", - o əlavə edib.
Nazir müavini bildirib ki, Azərbaycanda mədəni irsin qorunması üçün müasir çağırışlar dövlət siyasətinin vacib parçasıdır: "Əgər əvvəllər tarixi abidələrin qiymətləndirilməsi aylarla vaxt alırdısa, proses bu gün rəqəmsal sistem sayəsində daha çevik və sürətli həyata keçirilir".
S.Yusifova Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma işlərinə də toxunub.
Onun sözlərinə görə, 2020-ci ildən bu yana azad edilmiş ərazilərdə daşınmaz tarixi-mədəni inventarların sahə tədqiqatları aparılır: "Bu çərçivədə elektron sənədləri və digər mənbələr araşdırılır, elektron xəritələr hazırlanır, rəqəmsal məkanda sistemləşdirilir".
Nazir müavini mina təhlükəsinə də diqqət çəkərək bildirib ki, hazırda azad edilmiş ərazilərdə 130 abidənin inventerlaşdırılması bu təhlükə səbəbindən həyata keçirilməyib.
Qeyd edək ki, tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilir.