IMG-LOGO

Avropa Komissiyası "Taliban"la danışıqlara hazırlaşır

12 May 2026 16:25 4 baxış
IMG

Avropa Komissiyası Avropa İttifaqında (Aİ) qalmaq hüququ olmayan əfqan vətəndaşlarının geri qaytarılması məsələləri üzrə Brüsseldə mümkün görüş üçün Əfqanıstanın de-fakto hakimiyyət orqanlarının nümayəndələrinə dəvət göndərib.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.

Lammertin sözlərinə görə, məktub Aİ-nin Daxili İşlər üzrə Baş Direktorluğu tərəfindən İsveç Ədliyyə Nazirliyi ilə birgə göndərilib. Söhbət "texniki səviyyədə" görüşdən və yanvar ayında Əfqanıstanda başlanmış təmasların davam etdirilməsindən gedir.

"Biz hazırda burada, Brüsseldə potensial növbəti görüşün keçirilməsi imkanını öyrənirik", - o qeyd edib. Rəsmi nümayəndənin sözlərinə görə, təşəbbüs ötən il Avropa Komissiyasından miqrantların geri qaytarılması məsələləri üzrə Əfqanıstan hakimiyyəti ilə təmasları əlaqələndirməyi xahiş etmiş 20 Aİ ölkəsindən və Şengen zonasına assosiasiya olunmuş dövlətlərdən irəli gəlir.

Sualları cavablandıran Lammert dəvətin Əfqanıstan hakimiyyətinin məhz hansı strukturlarına göndərildiyini və nümayəndə heyətinin Brüsselə mümkün səfərini kimin ödəyəcəyini deməkdən imtina edib.

Xəbər lenti