Ölkənin müxtəlif şəhərlərində təşkil olunan informasiya sessiyalarının əsas məqsədi ictimaiyyəti WUF13 barədə məlumatlandırmaqdır.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Sumqayıt Dövlət Universitetində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.
Onun sözlərinə görə, WUF13 yalnız Bakı əhalisi deyil, region, xüsusilə də Sumqayıt gəncləri üçün geniş imkanlar yaradır:
"Sumqayıtın Bakıya yaxınlığı burada yaşayan minlərlə insanın forum tədbirlərində fiziki iştirakına, şəhərsalma və dayanıqlı inkişaf mövzularında yeni biliklər əldə etməsinə şərait yaradacaq. Gənclər həmçinin beynəlxalq platformada öz fikirlərini bölüşmək imkanı qazanacaqlar".
E.Hüseynzadə analoji forumların indiyə qədər Barselona, Vankuver, Rio-de-Janeyro, Neapol, Kuala-Lumpur, Əbu-Dabi, Katovitse və Qahirə kimi şəhərlərdə keçirildiyini xatırladıb:
"Bu forumların əsas məqsəd şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya, iqlim çağırışları və insanların yaşayış keyfiyyətinin yaxşılaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Forum çərçivəsində təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılması, inklüziv və əlçatan şəhər inkişafı, iqlim dəyişikliklərinə davamlı şəhərlər, eləcə də gənclərin və icmaların şəhər idarəçiliyində iştirakı əsas müzakirə mövzuları olacaq".