IMG-LOGO

Əlvida, implantlar: Yeni dişlərin çıxması üçün dərman sınaqları başladı

12 May 2026 14:02 2 baxış
IMG
0 0

Yaponiyada alimlər diş itkisi probleminin həllinə bir addım da yaxınlaşıblar. Ölkədə itirilmiş dişlərin yenidən böyüməsini stimullaşdıran yeni preparatın insanlar üzərində klinik sınaqlarına başlanılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2024-cü ilin oktyabr ayında Kyoto Universiteti Xəstəxanası tədqiqatçıları yeni preparatın ilk klinik sınaqlarına start veriblər.

Preparat USAG-1 adlı zülalı hədəf alır. Bu zülal normal şəraitdə dişlərin inkişafını dayandırır. Alimlər həmin zülalın fəaliyyətini bloklayaraq yatmış diş toxumalarını aktivləşdirməyə çalışırlar. Nəticədə insan orqanizminin üçüncü dəfə diş çıxarma potensialının ortaya çıxa biləcəyi bildirilir.

Hazırda aparılan ilkin mərhələ sınaqlarında yaşı 30-64 arasında olan, ən azı bir dişi olmayan 30 sağlam kişi iştirak edir. Tədqiqatın əsas məqsədi preparatın təhlükəsizliyini və uyğun dozalarını müəyyən etməkdir.

Əgər nəticələr uğurlu olarsa, növbəti mərhələdə sınaqlar anadangəlmə diş çatışmazlığı – anodontiya problemi yaşayan 2-7 yaşlı uşaqlar üzərində aparılacaq. Bu xəstəlik zamanı insanlar tam diş sırası olmadan dünyaya gəlirlər.

Araşdırmalara rəhbərlik edən alim, Katsu Takahaşi bildirib ki, daha əvvəl siçanlar və gəlinciklər üzərində aparılan təcrübələrdə USAG-1 zülalının bloklanması yeni dişlərin uğurla inkişaf etməsinə səbəb olub. Məhz bu nəticələr insanlar üzərində klinik sınaqların başlanmasına şərait yaradıb.

Bununla belə, mütəxəssislər preparatın geniş istifadəyə verilməsi üçün hələ zaman lazım olduğunu vurğulayırlar.

Tədqiqatçılar preparatın təxminən 2030-cu ildən etibarən istifadəyə verilə biləcəyini ehtimal edirlər.

dişlər implant dişlərə son diş çıxaran dərman

Xəbər lenti