IMG-LOGO

Mirutse: Rusiyanın dron təhdidləri bir gün Avropanın mərkəzinə də çata bilər

12 May 2026 12:54 2 baxış
IMG

Rusiya pilotsuz uçuş aparatları (PUA) tərəfindən hava məkanının mütəmadi olaraq pozulması fonunda Avropa İttifaqı (Aİ) ölkələri NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün hərbi imkanları yenidən bölüşdürməlidir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniyanın milli müdafiə naziri Radu-Dinel Mirutse Brüsseldə Aİ Müdafiə Şurasının iclasından əvvəl bildirib.

Nazirin sözlərinə görə, ilin əvvəlindən Rumıniya öz hava məkanına dronların icazəsiz daxil olması ilə bağlı 14 hal qeydə alıb. O vurğulayıb ki, əlavə tədbirlər görülməsə, alyansın sərhədindəki ölkələrin üzləşdiyi təhdidlər "bir gün Avropanın mərkəzinə də çata bilər".

"Qitənin mərkəzi hissəsində Rusiyanın hücumları cinahlarda olduğu kimi hiss olunmur. Biz ayda bir neçə dəfə Avropanın, NATO-nun və Rumıniyanın hava məkanına daxil olan dronlarla qarşılaşırıq", - Mirutse Brüsseldə jurnalistlərə deyib.

Nazir qeyd edib ki, Aİ dövlətləri müdafiə resurslarının bölüşdürülməsinə yenidən baxmalıdır, çünki şərq sərhədindəki ölkələr üçün risklər qitənin mərkəzindəki dövlətlərlə müqayisədə xeyli yüksəkdir.

"Qitəni daha yaxşı qorumaq üçün Avropanın mərkəzində yerləşən bəzi imkanlar periferiyaya köçürülə bilər", - o bildirib.

Almaniyada ABŞ-nin hərbi iştirakının potensial ixtisarını şərh edən Mirutse qərarın Vaşinqtonun ixtiyarında olduğunu bildirib və əlavə edib ki, Rumıniya öz ərazisində müttəfiq qoşunlarının sayının artırılmasında maraqlıdır.

O, həmçinin bildirib ki, Buxarest regionda münaqişə başa çatdıqdan sonra Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq koalisiyaya qoşulmaq niyyətindədir.

Xəbər lenti