Alimlərin apardığı yeni araşdırma göstərir ki, ultraemal olunmuş qidaların müntəzəm qəbulu diqqət və ümumi beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Araşdırmanın nəticələrinə görə, gündə cəmi bir paket çips belə diqqətin zəifləməsi ilə əlaqələndirilə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırma çərçivəsində orta yaş qrupuna aid 2200-dən çox insanın qidalanma vərdişləri və sağlamlıq göstəriciləri analiz edilib. Xüsusilə onların gündəlik rasionunda ultraemal olunmuş məhsulların payına diqqət yetirilib.
Mütəxəssislər müəyyən ediblər ki, rasionda bu cür qidaların payının hər əlavə 10% artması diqqətin cəmlənməsi qabiliyyətinin azalması və ümumi koqnitiv göstəricilərin pisləşməsi ilə əlaqəlidir.
Araşdırma rəhbəri, qida biokimyaçısı Barbara Cardoso qeyd edib ki, bu miqdar təxminən gündə bir standart çips paketinə bərabərdir.
Alimlər bildirirlər ki, problem yalnız duz, şəkər və ya doymuş yağların çoxluğunda deyil. Dərin sənaye emalı nəticəsində qidalar faydalı maddələrinin bir hissəsini itirir, eyni zamanda onların tərkibinə müxtəlif kimyəvi birləşmələr, dadlandırıcılar və stabilizatorlar əlavə olunur. Bu maddələr isə beyin damarlarına və toxumalarına mənfi təsir göstərə bilər.
Araşdırmaya görə, bu cür qidaların müntəzəm istifadəsi orqanizmdə iltihabi prosesləri gücləndirə, qan-damar sisteminin vəziyyətini pisləşdirə və nəticədə beyin fəaliyyətinə təsir edə bilər.
Araşdırma müəllifləri vurğulayırlar ki, diqqətin zəifləməsi bu təsirlərin yalnız bir hissəsidir. Uzunmüddətli perspektivdə ultraemal olunmuş qidaların həddindən artıq qəbulu koqnitiv pozuntular və yaşla bağlı xəstəliklər, o cümlədən demensiya riskinin artması ilə əlaqəli ola bilər.
Bununla belə, alimlər qeyd edirlər ki, araşdırma müşahidə xarakterlidir və çipslərin demensiyaya birbaşa səbəb olduğunu sübut etmir. Buna baxmayaraq, əldə olunan nəticələr ciddi siqnal kimi qiymətləndirilir və mütəxəssislər insanları gündəlik qidalanmalarına daha diqqətlə yanaşmağa çağırırlar.
cips cipsin sağlamlığa təsiri